Azərbaycanda magistratura üzrə müsabiqənin keçid balları aşağı salınacaqmı?

19 Mart 2012 09:15
Azərbaycanda magistratura imtahanları həmişə aktual mövzu olub. Oxucu Milli.Az-a yazdığı məktubla da bu il magistratura səviyyələri üzrə müsabiqəyə keçid balının aşağı salınıb-salınmamasını öyrənmək istəyir: "Zəhmət olmasa, cavablandırın, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etsəm də, hələ ki cavab verilməyib".
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Milli.Az-a açıqlamasında bildirdi ki, müsabiqəyə buraxılma balı ayrı-ayrı ixtisaslar üzrə fərqlidir. Bu barədə "Magistr" jurnalının birinci və ikinci sayında elan edilib.

E.Nağızadənin sözlərinə görə, hazırkı son nəticələrdən sonra da ballarda heç bir dəyişiklik yoxdur. "Magistr" jurnalının 3-cü sayında da bu haqda ümumi məlumatlar var.

TQDK rəsmisi qeyd etdi ki, musabiqəyə buraxılma balı bu il minimal həddə müəyyənləşdirilib: "Hər sual bir baldır, səhv isə düz cavabı aparmır. Keçid balını bakalavraturaya qəbul zamanı aşağı salırıq. Bu qərar isə imtahanların nəticəsinə uyğun olaraq qəbul olunur. Gələcəkdə balların aşağı salınıb-salınmayacağı barədə məlumat vermək mümkün deyil".

Anar Məmmədov
Milli.Az