iOS 16 barəsində ilk məlumatlar verilib

7 Aprel 2022 21:05

Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2022 tədbirinin keçiriləcəyi tarixi elan edib. Sözügedən tədbir 6-10 iyun tarixlərində online fomatda baş tutacaq. WWDC 2022 tədbiri çərçivəsində Apple şirkəti öz əməliyyat sistemlərinin yeni versiyalarını anons etməlidir. Təbii ki, iPhone istifadəçilərinin sözügedən tədbirdən ən çox gözlədikləri yeni iOS 16 əməliyyat sistemidir. İnternetdə artıq iOS 16 barəsində ilk məlumatlar ortaya çıxıb. Beləliklə insayderlər xəbər veriblər ki, yeni əməliyyat sistemi qapalı beta test mərhələsinə keçid edb. Verilmiş məlumata əsasən iOS 16-nın əsas fərqləndirici tərəflərindən biri də təkmilləşdirilmiş istifadəçi interfeysi olacaq və həmin interfeys iPhone 14 Pro modellərinin ekranları üçün xüsusi olaraq optimizasiya ediləcək.

Belə ki, bir çox məlumata əsasən bu il iPhone 14 Pro modellərinin ekranlarındakı ənənəvi çıxıntı hissə ekran üzərində yerləşdiriləcək 2 ədəd kiçik çıxıntı ilə əvəz ediləcək. Məlumatda qeyd edilib ki, bu cür yeni ekran dizaynı səbəbilə Apple şirkəti iOS 16-nın təkmilləşdirilmiş istifadəçi interfeysini yeni ekran üçün adaptasiya edib. Bununla yanaşı iOS 16-nın dəstəklənəcəyi bütü cihazlarda enerji sərfiyyatının aşağı salınması özəlliyi reallaşdırıla bilər. Hələ təsdiq olunmamış məlumatlara əsasən iOS 16-nı iPhone 7 modelləri və ondan sonra satışa çıxmış digər bütün iPhone-lar əldə edəcəklər. Bu isə o deməkdir ki, iPhone 6s, iPhone 6s Plus və ilk iPhone SE modeli üçün iOS 15 son əməliyyat sistemidir.

Milli.Az