Xalq artisti azərbaycanlı milyarderin həyat yoldaşı ilə birgə sosial şəbəkə açır

7 Aprel 2022 14:42

Rusiyanın Xalq artisti Valeriya "Musigram" adlı sosial şəbəkə açır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Vedomosti" nəşri müğənninin prodüseri və həyat yoldaşı İosif Priqojinə istinadən məlumat yayıb. Bildirilib ki, hüquqi şəxs - "Müzikqram" MMC martın 31-də qeydiyyatdan keçib.  

Valeriyanın biznes tərəfdaşları azərbaycanlı milyarder Fərhad Əhmədovun həyat yoldaşı Anna Əhmədova və Yevgeniya Terentyevadır. Şəbəkənin iki-üç ay ərzində istifadəyə verilməsi planlaşdırılır. Layihə ilə bağlı hələlik bütün detallar açıqlanmayıb. Yalnız sözügedən platformanın Rusiya şou-biznesinin nümayəndələri və yaradıcı insanları üçün nəzərdə tutulduğu məlumdur.

Lakin bu təşəbbüs teleqram kanalları tərəfindən ironik şəkildə şərh edilib.

"Unudulmuş müğənni Valeriya qəfildən musiqili sosial şəbəkə açmaq qərarına gəlib. Orada kimin və nəyin çıxış edəcəyini təsəvvür etməkdən qorxuruq" - deyə, "Antiglyance" kanalı yazıb.

"Valeriyanın mahnılarından daha mənasız bir şey varsa, deməli bu, mütləq onun yaratdığı sosial şəbəkədir" - deyə, "Бабская курилка" bildirib.

Xatırladaq ki, Valeriya və Priqojin platformada birləşməyi planlaşdırdıqları şou-biznes nümayəndələrindən müğənni Zemfira ilə "Göy, dəniz, buludlar" mahnısına görə dava ediblər. Onlar musiqinin sözlərini  "yaradıcı təkəbbür" və "tamaşaçıya hörmətsizlik" adlandımışdılar.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyat fonunda rusiyalı istifadəçilərin sosial media hesabları bloklanıb. Bu səbəbdən həmin platformaları əvəz edəcək yeni hesablar yaratmağa cəhd göstərilir. Lakin, hələlik uğurlu hər hansı layihə istifadəyə verilməyib.

Milli.Az