16 yaşlı qız intihar etdi, ölkə ayağa qalxdı
16 Mart 2012 13:28
Təcavüzə məruz qalan Əminə zorla ərə verilmək istəmədiyindən siçan zəhəri içərək həyatına son qoyub.
Milli.Az "Le Figaro"ya istinadən bildirir ki, Mərakeşin şimalında, Tanjer şəhəri yaxınlığındakı kiçik Laraç qəsəbəsində yaşayan Əminə əl Filalini yerli polis idarəsi onu zorlayan adama ərə getməyə vadar etmək istəyirdi. 16 yaşlı Əminənin valideynləri də rüsvayçılıqdan qurtulmaq istədiklərini deyərək bu qərarı dəstəkləmişdilər. Lakin Əminə intihara üstünlük verib.
Hadisə Mərakeşdə çox böyük əks-səda doğurub.
Ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan yüz minlərlə qadın Əminə əl Filaliyə təcavüz etmiş adamın həbsini tələb edib. Onlar habelə, təcavüzə məruz qalmış qadının onu zorlamış adama ərə verilməsinə və bu yolla cinayətin "ləğv"inə icazə verən qanunun da aradan qaldırılmasını istəyirlər.
Şahidlərin dediklərinə görə, qızının siçan zəhəri içdiyini anlayan ata Əminənin saçlarından tutub küçədə sürüyüb.
Facebook sosial şəbəkəsində mərakeşli qadınlar "Hamımız Əminə əl Filaliyik" adlı qrup da yaradıblar.
Mərakeş hökumətinin mətbuat katibi Mustafa əl Xəlfi isə təcavüzə məruz qalmış qadının onları zorlamış kişiyə ərə getməsi ilə cinayətin "ləğv"ini nəzərdə tutan qanunun qüvvədən düşəcəyini bildirib.
Milli.Az