Yer kürəsindən ən uzaq ulduz aşkarlandı

2 Aprel 2022 20:25

Məşhur Hubble teleskopunun artıq 32 yaşı olmasına baxmayaraq o, yeni rekorda imza atıb. Belə ki, sözügedən teleskop indiyənə kimi aşkar edilmiş ulduzlar arasında Yer kürəsindən ən uzaq məsafədə yerləşən ulduzu kəşf edib. Məlumata əsasən kəşf edilmiş ulduz kainatın yaranmasının ilk milyard ilində yaranıb. Gözləntilərə əsasən həmin ulduz artıq kosmosa göndərilmiş James Webb teleskopu üçün vacib müşahidə obyektlərindən biri olacaq. Bundan öncəki rekorddan fərqli olaraq aşkar edilmiş yeni ulduz keçmişə doğru böyük bir addımdır.

    Belə ki, Hubble tərəfindən daha öncə aşkar edilmiş ən uzaq məsafəli ulduz kainatın yaranmasından 4 milyard il sonra yaranmışdı. Lakin aşkar edilmiş yeni ulduz Yer kürəsindən o dərəcədə uzaq məsafədə yerləşir ki, onun işığı bizə 12.9 milyard il ərzində gəlib çatıb. Başqa sözlə desək, sözügedən ulduzun müşahidəsi ilə alimlər kainatın ən qədim zamanlarına nəzər salırlar. Daha öncə də təqribi olaraq bu cür məsafədə yerləşən obyektlər aşkar edilirdi. Lakin daha öncə aşkar edilmiş obyektlər müşahidə edilən ən qədim qalaktikaların tərkiblərindəki ulduz topaları olublar.

    Qeyd etmək lazımdır ki, aşkar edilmiş yeni ən qədim ulduz Earendel adını əldə edib. Earendel ulduzunun ikili ulduz sisteminə aid olub-olmadığı hələ təyin edilməyib. Lakin adətən yüksək kütləli ulduzlar bir qayda olaraq daha kiçik ulduz qonşusuna sahib olurlar. Alimlər güman edirlər ki, sözügedən ulduzun parlaqlığı hələ bir neçə il ərzində yüksək səviyyədə olacaq. Artıq bu il James Webb teleskopu Earendel ulduzunun müşahidəsi ilə məşğul olacaq. Teleskopun infraqırmızı işığa yüksək həssaslığı sayəsində Earendel barəsində daha çox məlumat əldə etmək mümkün olacaq. 

Milli.Az