Azərbaycan “OPEC plus”un qərarını dəstəklədi - May ayında...

31 Mart 2022 18:21

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 27-ci iclasında gündəlik neft hasilatının mayda 432 min barrel artırılmasına Azərbaycan da razılıq verib.

Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, artım ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda neft hasilatının baza göstəricilərinə qismən dəyişiklik edilməsi barədə əldə edilmiş razılaşmaya əsasən müəyyənləşdirilib.

Azərbaycan üzrə baza göstəricilərinə dəyişiklik olmadığından ölkəmizdə gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barrel artırılaraq 688 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barrel həcmində olması nəzərdə tutulur.

Qeyd edək ki, "OPEC plus" ölkələri nazirlərinin 28-ci iclasının 5 may tarixində keçirilməsi razılaşdırılıb.

Milli.Az