Ukraynadakı müharibə yoxsul ölkələrdə ərzaq qıtlığına səbəb olacaq

25 Mart 2022 15:41

Ukraynadakı müharibə nəticəsində qlobal ərzaq qiymətlərinin artması yoxsul ölkələrdə ərzaq iğtişaşlarına səbəb ola bilər.

Milli.Az bildirir ki, bunu "The Guardian"a müsahibəsində Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Nqozi Okonjo-İveala deyib.

"Düşünürəm ki, biz narahat olmalıyıq. Bu və gələn ilin ərzaq qiymətlərinə və aclığa təsiri əhəmiyyətli ola bilər. Ərzaq və enerji bütün dünyada yoxsul insanların alış səbətlərindəki ən böyük iki maldır", - Okonjo-İveala deyib.

"Ən çox kasıb ölkələr və yoxsul ölkələrdəki yoxsullar əziyyət çəkəcək", - o qeyd edib.

ÜTT rəhbəri 35 Afrika ölkəsinin Qara dəniz regionundan idxal edilən ərzaqdan asılı olduğunu qeyd edərək, dünya buğda tədarükünün 24 %-nin Rusiya və Ukraynanın üzərinə düşdüyünü bildirib.

ÜTT-nin baş direktoru münaqişənin Ukraynada əkin mövsümünü pozacağından və gübrələrin tədarükünü məhdudlaşdıracağından da narahatdır.

Ukrayna adətən buğdanın yarısını münaqişədə olan və ya aclıq kimi təbii fəlakətlər yaşayan ölkələri təcili yardımla təmin edən BMT agentliyi olan Ümumdünya Ərzaq Proqramına verir.

Aslan Məmmədov
Milli.Az