Dumanlı hava şəraitində azan 4 nəfər xilas edilib

20 Mart 2022 21:15

Siyəzən rayonu, Zarat kəndi istiqamətində dağlıq ərazidə qarlı və dumanlı hava şəraitində yollarını azaraq köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, bu barədə qurumun "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən vətəndaşlar operativ olaraq dağdan təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək havaların qeyri-sabit və yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması, o cümlədən dağlıq ərazilərdə güclü qar yağması ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Milli.Az