Ukraynada gömrük prosedurları sadələşdirilir

19 Mart 2022 08:58

Ukrayna hökuməti gömrük prosedurlarını mümkün qədər sadələşdirmək qərarına gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal "Telegram" kanalında məlumat verib.

"Hökumət bütün gömrük prosedurlarını mümkün qədər sadələşdirmək qərarına gəlib. Məqsədimiz dünyada ən sürətli gömrüyü yaratmaqdır. Gömrükdə sənədləşmə aparılmadan, ƏDV, rüsum olmayan bir keçid istəyirik",- deyə Şmıqal bildirib.

Onun sözlərinə görə, mallar sərhəddən maneəsiz keçəcək.

"Ukraynaya heç bir gömrük rəsmiləşdirilməsi olmadan mal idxal etmək, bəyannaməni əvvəlcədən doldurmaq və maşınların sürətli keçidini istəyirik. Yük heç bir maneə olmadan sərhədi keçəcək", - deyə Baş nazir bildirib.

Şmıqal ümid etdiyini bildirib ki, Ali Rada tez bir zamanda Ukraynaya gedən bütün malları gömrük rüsumlarından və ƏDV-dən azad edəcək.

Milli.Az