Qanunsuz silahı polisə necə təhvil verməli?
15 Mart 2012 01:00
Orta əsrlərdə yaradılmış və illərlə müasirləşdirilmiş odlu silahlar, çox xalqların həyatını, ümumilikdə tarixin özünü çox dəyişdirib. Azərbaycanda da evində silah, xüsusilə də odlu silah saxlamaq istəyənlər var. Bu istək bəzən qanunun pozulması, silahın tamamən qanunsuz və oğrun şəkildə evdə saxlanmasına çevrilir. Polis tərəfindən insanlardan tutulan qanunsuz silahlar, silahların könüllü təhvil verilməsi halları buna sübutdur. Ancaq bəzi adamlar silahı polisə təhvil verməyə çəkinir və tutulacağından qorxurlar. Bəs vətəndaş evindəki qanunsuz saxladığı odlu silahı polisə necə təhvil verməlidir?
Keçimş polis rəisi, ekspert Mahmud Hacıyev Milli.Az-a açıqlamasında bildirdi ki, kimsə evində silah saxlayırsa, mütləq Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində qeydiyyatda olmalıdır. Əgər səhlənkarlıq edib, qeydiyyatdan keçirməyibsə, silahı könüllü surətdə polisə təhvil verə bilər.
Ekspertin sözlərinə görə, vətəndaşın könüllü surətdə silahını polisə təhvil verməsi, cinayət tərkibi yaratmır:
"Silah könüllü şəkildə təhvil verildikdən sonra Daxili İşlər Nazirliyinin ekspert kriminalistika idarəsində ballistik ekspertizadan keçirilir. Bu yolla silahla əvvəllər hər hansı cinayət törədilib-törədilməməsi yoxlanılır. Silahla əvvəllər heç bir cinayət törədilməyibsə, ekspertizadan sonra silah "təmiz" hesab olunursa, könüllü təhvil vermə təhlükəsizdir. Əgər silahdan əvvəllər qətl, bədənə xəsarət yetirilməsində istifadə olunubsa, həmin şəxs istintaqa cəlb edilir".
Sabiq rəisinin fikrincə, hazırda vətəndaşlarda bu istiqamətdə hüquqi maarifləndirmə az olduğundan, özündə olan qeydiyyatsız silahı da verməkdən qorxurlar. Çox vaxt vətəndaş özündə olan silahı təhvil verməyə çəkindiyindən, onu hər hansı əraziyə atır və anonim zənglə polisi məlumatlandırır. Silahı olan şəxs evində saxladığı tapançadan 10-15 il əvvəl cinayət törədilməsindən xəbərsiz olur. Silahı "təmiz" zənn edərək polisə təhvil verir, ekspertizanın rəyindən sonra silahın cinayətdə istifadə olunması üzə çıxır və həmin şəxs məsuliyyətə cəlb olunur. İnsanlarda da belə təsəvvür yaranır ki, silahı təhvil verəndə mütləq onu tuturlar.
Azərbaycanda odlu silahların yığılması və qeydiyyata alınması istiqamətində aparılan işi qənaətbəxş hesab etməyən M.Hacıyev bunun acı nəticələrinin olmasından narahatdır:
"Ölkəmiz müharibə şəraitindədir və bir milyon məcburi köçkünü var. Müharibə olan məmləkətdə əllərdə odlu silahın olması aksiomadır. Əgər əldə odlu silah varsa, nə vaxtsa açılacaq".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Ehsan Zahidov Milli.Az-a bildirdi ki, cinayətkarlıqla mübarizədə əllərdə olan qanunsuz silah-sursatın yığılması ən vacib istiqamətlərdən biridir. Vətəndaşların əlində olan, özlərində qanunsuz saxladığı silah nə vaxtsa, istifadə edilə və ağır cinayət hadisəsi törədilə bilər. Bunu nəzərə alaraq daxili işlər orqanları əhali arasında profilaktiki tədbirlər, eyni zamanda əməliyyat tədbirləri keçirməklə, əllərdə olan silah-sursatın yığlmasına önəm verir. Bunun nəticəsidir ki, son illər minlərlə silah-sursat əhalidən yığılıb.
Nazirlik rəsmisi məsləhət görür ki, vətəndaş silahı gecikdirmədən, polis tərəfindən tutulmadan təhvil versin və məsuliyyətdən yaxa qurtarsın: "Təsadüfi deyil ki, əhalinin könüllü olaraq silahı təhvil verməsi üçün Cinayət Məcəlləsində dəyişikilik edilib. Dəyişikliklərə görə, könüllü olaraq polisə təqdim edilən silaha görə, vətəndaş məsuliyyətə cəlb edilmir. Bunun üçün vətəndaşlar istənilən polis qurumuna silahı təqdim edə və ya etibarlı yerə qoyaraq "102" xidmətinə, polis bölməsinə zəng edərək silahın yerini deyə bilər. Hər iki halda onu heç bir tutulmaq təhlükəsi gözləmir".
E.Zahidov əhalidə silah-sursatın olmasının səbəbinin daha çox 1993-94-cü illərə təsadüf etdiyini qeyd edib: "Qarabağ döyüşləri, ölkədə mövcud olan xaos da buna öz təsirini göstərmişdi. Ulu öndər Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilib, Daxili İşlər Nazirliyi və hüquq-mühafizə orqanlarının birgə işləri nəticəsində minlərlə silah əhalidən yığılıb. Hazırda əhalidə silah-sursatın sayı əvvəlki illərlə müqayisədə azdır. Bütün bunlara baxmayaraq, mütəmadi olaraq tədbirlər keçirilir".
Anar Məmmədov
Milli.Az