Ermənistan Azərbaycanın təkliflərinə cavab verib. Bu nə ola bilər?

15 Mart 2022 15:00

Ermənistan Azərbaycanın iki ölkə arasında sülhlə bağlı baza prinsipləri təklifinə cavab verib, Ermənistan Xarici İşlər Nazirliyinin saytında bildirilir. Rəsmi Yerevan həmçinin, Azərbaycanla sülh sazişinin imzalanması üzrə danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət etdiyini də açıqlayıb. Azərbaycan bir neçə gün öncə Ermənistanla münasibətlərin yaradılması üçün təkliflərini rəsmi Yerevana təqdim etdiyini bildirmişdi. Ermənistanın cavabı nədən ibarətdir, Azərbaycanın təklifini qəbul edibmi? Bu suallarımıza Azərbaycan XİN "bizdə başqa məlumat yoxdur" deyə cavab verib.

Azərbaycan deyir ki, onun təkliflərini Ermənistana "vasitəçilər" təqdim edib - bu vasitəçilərin kimliyi açıqlanmasa da, Ermənistan XİN-in bəyanatından bəlli olur ki, rəsmi Yerevanla Azərbaycan arasında vasitəçi ATƏT-in Minsk qrupudur.

Ermənistan XİN bəyan edib ki, onlar təkliflərə BMT Nizamnaməsi, Siyasi və Sivil Hüquqlar barədə Konvensiya və Helsinki Son Aktı çərçivəsində cavab veriblər.

Azərbaycan deyir ki, Ermənistan onun şərt qoyduğu baza prinsiplərini qəbul edərsə, o zaman sülh danışıqlarına başlaya bilərlər.

"...iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər", - Azərbaycan XİN bəyan edib.

Milli.Az BBC News Azərbaycanca-ya istinadən xəbər verir ki, Siyasi və iqtisadi strateji araşdırmalar mərkəzindən təhlilçi Benyamin Poğosyanın fikrincə, Ermənistan rəhbərliyi Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa "psixoloji" olaraq hazırdır və əvəzində Qarabağın erməni əhalisinin haqları məsələsini irəli sürəcək. Qarabağın ermənilər yaşayan ərazilərinə Rusiya sülhməramlıları nəzarət edir.

5 baza prinsipi hansılardır?

Azərbaycanın "iki dövlət arasında münasibətlərin yaradılması üçün" baza prinsiplərinə dair təklifi Ermənistana göndərdiyini XİN rəhbəri Ceyhun Bayramov ötən həftə Antalya Diplomatiya Forumunda çıxışı zamanı bəyan edib. Bu gün Azərbaycan XİN həmin baza prinsiplərinin aşağıdakılar olduğunu açıqlayıb: •Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

•Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

•Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

•Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

•Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Azərbaycanın şərtləri

Siyasi təhlilçi Alya Yaqublunun fikrincə, Azərbaycanın təkliflərini qəbul etmək Ermənistan üçün asan olmayacaq.

"...lap birincidən (5 maddənin birincisi-red.) başlayanda, ölkələrin ərazi bütovlüyünün, suverenliyinin tanınması və sair - bunlar Dağlıq Qarabağın Azərbaycanın tərkibində olduğunu qəbul etmək deməkdir. Əlbəttə ki, Azərbaycan hakimiyyəti öz ərazi bütovlüyünü DQ da daxil olmaqla görür, daha doğrusu, bizim görüb-görməməyimizdən asılı olmayaraq hüquq bunu deyir. Onların bunu qəbul edəcəyini heç düşünmürəm. Buna zaman lazımdır. Demarkasiya filan da uzun, vaxt alan proseslərdir. Düzü, çox optimist yanaşmıram", - Alya Yaqublu deyir. O bildirir ki, birinci bəndin Ermənistan tərəfindən qəbul edilməsi "fantastika olar"dı: "Cavabında Ermənistanın şərtləri olacaq, onu da Azərbaycan hökuməti açıqlasa bilərdik. Ermənistan Azərbaycan arasında münasibətlərin yaxın gələcəkdə qaydaya düşəcəyi, normallacağı ehtimalı çox azdır. Bəlkə Rusiya Ukraynadakı müharibədən çox zəifləmiş şəkildə çıxa və sonrakı dövrdə Putin və komandası Rusiyada hakimiyyəti nəhayət ki itirə, Ermənistan öz böyük müdafiəçisindən məhrum ola, ondan sonra biz öz suverenliyimizin, ərazi bütovlüyümüzün qəbulu məsələsi ilə bağlı Ermənistanla diqtə şəklində danışa bilərik". Onun fikrincə, 2-ci Qarabağ müharibəsində qalib gəlmiş Azərbaycan hazırda üstün mövqedə olduğu üçün iriləi sürdüyü şərtlər də Azərbaycanın xeyrinədir.

Erməni əsilli Azərbaycan vətəndaşları

Cənubu Qafqaz üzrə erməni təhlilçi Benyamin Poğosyan isə güman edir ki, Ermənistan Azərbaycanın təklif etdiyi baza prinsiplərindən birincisinə razılaşarsa, "yəni Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyarsa", o zaman Azərbaycan Qarabağın erməni əhalisinin haqları barədə müzakirələrə başlamağa hazır ola bilər. "İstisna etmirəm ki, azərbaycanlılar Qarabağda yaşayan ermənilərin haqları barədə bizimlə dialoqa getməyə hazır olacaq", o Civilnet Youtube kanalına verdiyi müsahibəsində bildirib. "Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyarsa, o zaman Azərbaycan erməni əsilli Azərbaycan vətəndaşlarının hansı əlavə hüquqlar ola biləcəyini də müzakirə edəcək- Azərbaycan deyəcək ki, ok, Qarabağ Azərbaycandır, başa düşürük ki, orada erməni əsilli vətəndaşlar yaşayır, amma Azərbaycan elə "açıqürəkli" olacaq ki, bəlkə, orada erməni dilində təhsil və ya Stepanakert radiosunda bir saatlıq erməni dilində proqram - onlara hansısa haqlar verəcək", deyə o sarkazmla əlavə edib.

"Daha ağlabatan" son iki maddə

Azərbaycanın irəli sürdüyü baza prinsiplərindəki son iki maddənin daha ağlabatan göründüyünü deyən Alya Yaqublu vurğulayır ki, Paşinyan hökumətinin yürütdüyü siyasətdə kommunikasiyaların açılması, əlaqələrin qurulması Ermənistanın özünün də marağındadır. "Bəlkə hətta rast gəlmisiniz, Paşinyan hökumətini Ermənistanda ciddi şəkildə tənqid edənlər var ki, Ermənistanın indiki dövrdə kommunikasiyaları açması ölkənin maraqlarına ziddir. Ancaq Paşinyan hökumətinin yürütdüyü siyasət bu yöndədir, onlar bunu etməyə meyllidirlər", - təhlilçi deyir. Təhlilçi kommunikasiyalarla bağlı məsələni bölgədə gedən "yeganə istisna proses" olaraq qiymətləndirir: "Çox açıq təbliğatı getməsə də, yəni, Ermənistan tərəfində açıq şəkildə yürüdülməsə də, ictimailəşməsə də, əslində fikir verirsinizsə, müharibədən sonrakı ildə, bu il ərzində də kommunikasiyaların açılması məsələsində proseslər gedir". Alya Yaqublu İran ərazisindən Ordubada çəkilən və Ermənistandan yan keçən yolu xatırladaraq, sözügedən yolun Ermənistanın əlini "çox zəiflətdiyini" düşündüyünü deyir. Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi 2020-ci ilin sentyabrın 27-də başlayıb, 44 günlük döyüşlərdən sonra noyabrın 10-da Rusiyanın da iştirakı ilə müharibənin bitməsi və hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyannamə imzalanıb.

Milli.Az