Çempionlar Liqası: Bu gün daha iki 1/4 finalçı bəlli olacaq

15 Mart 2022 08:17

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla da 1/4 finalın növbəti iştirakçıları bəlli olacaq.

Gecənin ən diqqətçəkən görüşü İngiltərədə "Mançester Yunayted" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında baş tutacaq. "Old Trafford" stadionundakı matçı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edəcək. Madriddə keçirilmiş ilk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Qonaqlar cavab oyununa ciddi itkilərlə çıxacaqlar. La Liqa təmsilçisinin heyətində Mario Ermoso, Daniel Vass və Mateus Kunya zədə, Yannik Karrasko isə cəza səbəbindən oynamayacaq. Meydan sahiblərində isə itki yoxdur.

Gecənin digər matçında isə Niderland "Ayaks"ı Portuqaliya "Benfika"sını qəbul edəcək. "Yohan Kroyf Arena"da oynanılacaq görüşün baş hakimi ispaniyalı Karlos del Serro olacaq. Lissabondakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Meydan sahiblərinin heyətində Şon Klayber, qonaqlardan isə Haris Seferoviç zədəli olduqları üçün bu qarşılaşmada iştirak edə bilməyəcəklər.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

15 mart

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)

Baş hakim: Slavko Vinçiç

İlk oyun - 1:1

00:00. "Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya)

Baş hakim: Karlos del Serro

İlk oyun - 2:2

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları 1/4 finala vəsiqə əldə edib.

Milli.Az