Faşistlər Strasburqdan Bakıya "atəş açır"

11 Mart 2022 11:50

"Hörmətli cənablar və xanımlar! Gözlərimizin önündə Fransada almanların mədəni və tarixi irsi məhv edilir. Onlarla kilsə, yüzlərlə ibadətxana və kirxa, minlərlə kitabxana, yüzlərlə tarixi abidə ya dağıdılıb, ya dəyişdirilib. Fransa "Azad edilmiş" adlandırdığı, əslində isə işğal olunmuş ərazilərdə almanların irsini yoxa çıxarmağa çalışır. Buna dözə bilmərik, dözməməliyik də".

Sonradan dünyanın SS kimi tanıyacağı xüsusi təyinatlı "Schutzstaffel" qoşunlarının ilk komandanı və qruppenfürer olacaq Ziqfrid Zeydel-Dittmarş 1932-ci ilin fevralın 12-də Millətlər Liqasında çıxışında belə demişdi.

O, Fransanı "almanların mədəni irsini məhv etmək"də suçlamışdı.

Halbuki həmin "məhv edilən irs" Fransanın Elzas vilayətində, əzəli fransız torpaqlarında idi və almanlar savaş nəticəsində ələ keçirdikləri həmin torpaqlarda fransızların bütün kilsələrini, ibadətxanalarını ya darmadağın etmiş, ya anbarlara və s. çevirmişdilər.

Millətlər Liqası da Frasanı "məzəmmət edərək qınayan" sənəd qəbul etmişdi.

Zeydel-Ditmarşın həmin çıxışı 90 il sonra Avropanın mərkəzində yenidən səsləndi sanki.

Avropa Parlamentində Azərbaycan əleyhinə "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qətnamə qəbul edilib.

Qətnaməyə 635 deputat lehinə, 2 deputat əleyhinə  səs verib, 42 nəfər səs verməkdən çəkinib.

Absurdluğu ikrahdoğurucu səviyyədə olan sənəddə deyilir: "Qarabağdakı bütün erməni tarixi-mədəni irsinin nümunələrinin alban tarixi irsinin qalıqları kimi təqdim edilməsi və erməni abidələrinin adlarının dəyişdirilərək "Qafqaz-Alban" qoyulmasıü kimi narrativin Azərbaycanda yayılması narahatlıq yaradır.

Dağlıq Qarabağın nəzarət altına aldığı ərazilərdə Azərbaycanın erməni mədəni, tarixi və dini abidələrindən "saxtaa yazıların silinməsi" məqsədilə işçi qrupun yaradılması yolverilməzdir. Bu qərar Beynəlxalq Məhkəmənin 2021-ci ilin dekabrın 7-də qəbul etdiyi qərarın ruhuna ziddir".

Qəntamədə daha sonra Azərbaycan UNESCO, "Aliph" və "İnocem" kimi təşkilatların Qarabağda araşdırmalar aparmasına şərait yaratması, erməni tarixi irsinin "qeydiyyata alınması və inventarlaşdırılması"na imkan verilməsi tələb olunur.

O da tələb olunur ki, UNESCO-nun qiymətləndirmə missiyası işə başlayanadək erməni "tarixi irsi"nə əl vurulması, habelə erməni beynəlxalq ekspertlərlə məsləhətləşmələr aparılsın.

Neonasist, islamofob və sərsəm ruhda olan qətnamədə biz, Azərbaycan "mədəni irsi tapdamaqda, məhv etməkdə, yoxa çıxarmaq"da suçlanırıq.

Avropa Parlamentinin kar, kor, mənəviyyatı şikəst və məntiqi qüsurlu adlandırıla biləcək, amma səhv qərar verdiklərinə ümid etdiyim 635 deputatının nəzərinə çatdırmaq istərdim ki...

Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı 28 il ərzində Ermənistan nəinki şəhər kə kəndlərə, habelə multikultural dəyərlərə divan tutub.

Həmin ərazilərdə maddi-mənəvi irsimizin məhv edilməsi sadəcə Azərbaycana qarşı yox, bütün ümumbəşəri dəyərlərə qarşı barbarlıq, vandallıqdır. Azərbaycanın maddi-mənəvi və dini abidələrinin ermənilər tərəfindən dağıdılması, viran qoyulması, qarət edilməsi, mənimsənilməsi İrəvanın onillər boyu ölkəmizə və millətimizə qarşı apardığı işğalçılıq siyasətinin tərkib hissəsi olub.

İşğaldan azad edilmiş ərazilərə baxın: yüzlərlə tarixi abidə, onlarla muzey, məscid, mədəni irs nümunələri yerlə yeksan olunub. Ağdamda 19-cu əsrdə tikilmiş məscid qarət edilib dağıdılandan sonra oradan donuzlar üçün tövlə kimi istifadə ediblər ermənilər.

Ermənilərin 28 il işğalda saxladığı ərazilərdə xalqımızın 403 tarixi-dini abidəsi vardı ki, onların 67-i məscid, 144-ü dini məkanlar, 192-i pirlər və ocaqlardı. Şuşada 13, Ağdamda - 5, Füzulidə - 16, Zəngilanda - 12, Cəbrayılda - 5, Qubadlıda - 8, Laçında 8 məscidi ermənilər tamamən dağıdıblar.

4 məscid xaraba qalmışdı.

Ümumiyyətlə isə Şuşada 215 tarix və mədəniyyət abidəsi, Ağdamda - 140, Cəbrayıl və Xocavənddin hər birində 93, Kəlbəcərdə - 91, Laçında - 74, Qubadlı və Füzuluninin hər birində 71, Zəngilanda - 56, Xocalıdja isə 28 çox ciddi zərər görüb.

67 məscidindən 64-nün viran qaldığı Qarabağda dağıdılan, qarət olunan kilsələr və xristian ibadətgahlarının istisnasız olaraq hamısı tam bərpa olunacaq.

Bu, rəsmi Bakının yox, bütün Azərbaycanın mövqeyidir.

Rəsmi İrəvanın və bütün Ermənistanın ölkəmizlə bağlı quldurluq, barbarlıq, vəhşilik planlarından fərqli olaraq.

... Avropa Parlamentində səsə qoyulub qəbul edilən "qətnamə" layihəsinin absurdluğu təəccüblü olardı - bu sənədin müəlliflərinin kimliyi və hansı sifarişlə çalışdıqları bəlli olmasaydı.

Sənədin müəlliflərindən biri Hollandiyadakı Xristian-Demokrat Partiyasının (ChristenUnie, CU) funksioneri, Avropa Xalq Partiyasının fəal rəhbərlərindən olan Piter van Dalendir.

Hollandiyanın Utreht vilayətindəki Hauten şəhərində yaşayan protestant van Dalen qatı "xristian mühafizəkar və avrorealist" olduğunu fasiləsiz təkrarlayır.

Holland jurnalistlərin "siyasi mikrob" adlandırdıqları bu şəxsi özü dəqiq səciyyələndirir: "Avropada müsəlmanların sayının artması çox böyük təhlükədir. Türkiyənin Avropa İttifaqında yer almasını qətiyyən yolverilməz saydığım kimi, hesab edirəm ki, Avropa ölkələrindəki iqtisadi problemlərin əsas səbəblərindən biri sekulyarlaşmadır. Biz xristian dəyərlərini unuduruq, qloballaşırıq, hətta müsəlmanlarla yanaşı yaşamağın normal olduğunu deyirikö Halbuki dünyada intellektual və mədəniyyət, sivilizasiya və bacarıq baxımından güclü xalqlarla zəif xalqlar var".

Adolf Hitlerin "irqi üstünlük" nəzəriyyəsinin, yəni nasizm ideologiyasının təməl prinsipləri arasında yer alan "Untermensch", yəni "inkişaf etməmiş insan" təki nasional-sosialist və yevgenik ifadənin səciyyələndirdiyi fikirləri Piter van Dalen az qala sözbəsöz təkrarlayır.

Yəni o, neonasist olduğunu deməyib bunu söyləməkdən qorxsa da, Azərbaycanla bağlı qətnamə layihəsini məhh yevgenika, nasional-sosializm, irqçilik və islamofobiya ünsürlərinə əsaslanaraq hazırlayıb.

Avropa Parlamentinin qəbul etdiyi qətnamə avropalıların dəyərlərinə, ümumbəşəri prinsiplərə, beynəlxalq hüquqa, tarixi faktlara, reallığa və ən nəhayət, məntiqə zidd olmaqla yanaşı, aşkar neonasizm, müsəlman düşmənçiliyi, İslama nifrətdir.

Sənədin başqa adı yoxdur.

Məscidlər donuzxana ediləndə, Azərbaycanın tarixi, mədəni və dini abidələrinə divan tutulanda, tariximizi və mədəniyyətimizi məhv etməyə çalışanda Avropa Parlamenti susurdu.

İndisə Xristian-Demokrat Partiyasından olanların təşəbbüsü ilə Azərbaycan "qınanır".

Etmədiyi əməllərdə, ermənilərin sifarişi ilə, neonasist düşüncəsi, lüğəti və davranışı ilə.

Olmaya qətnamə müəllifləri tarix və mədəniyyətin yalnız radikal, İslama nifrət edən, xristianlıqla pərdələnməyə çalışan faşistlərə mənsub olduğunu düşünürlər?

Və ya Avropa Parlamenti belə irqçi, islamofob, saxta və sərsəm qətnamə ilə nəyəsə Bakını "ram edəcəyini", erməniləri haqlı edəcəyini zənn edir?

Vəhşilik, barbarlıq, mədəniyyətsizlik və aqressivlik bizə qarşı edilib.

Faşizmi şüurlarında və qəlblərində bəsləyən van Dalen kimi neonasistlərin qətnamələri də tarixi, gerçəyi və faktları dəyişə bilməz.

Avropa Parlamentində islamofobiya, neonasizm yelləri əssə də...

Elçin Alıoğlu
Milli.Az