Aktyor Evinin səhnəsinə "Yağış" yağacaq. Özü də Kanada yağışı. Teatr səhnəsini yağış suyu ilə isladan isə isveçrə əsilli rejissor, ssenarist, yazıçı, xoreoqraf, kloun Daniele Finzi Paska olacaq. Yaratdığı "Sunil" Teatrı və "Eluaz" Sirkinin aktyorlarından ibarət "Yağış" tamaşa-şousu ilə.
Əcnəbi teatr kollektivi Bakıya bu ilin noyabr ayında, Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində gələcək. Bu barədə Milli.Az-a Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət bildirib. Onun sözlərinə görə, sözügedən teatrın nümayəndələri yaxın keçmişdə Bakıya səfər edərək tamaşanın nümayişi üçün Aktyor Evi səhnəsinin texniki imkanları ilə tanış olublar. Çünki "Yağış" tamaşasında seyrçilər aramsız olaraq canlı yağış yağmasının şahidi olacaqlar. Bunun üçün lazımi avadanlığın quraşdırılması vacibdir.
Qeyd edək ki, dünya şöhrətli "Yağış" tamaşa-şousu Nyu-York, San-Fransisko, Paris, Roma, Milan və Avropanın digər şəhərlərində uğurla nümayiş etdirilib. Qarşıda Azərbaycan seyrçilərini möhtəşəm nümayiş gözləyir. Hələliksə, sadəcə olaraq festivalın başlanmısını gözləmək lazımdır.