Aİ Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması qərarını təsdiqləyib

28 Fevral 2022 07:50

Avropa İttifaqı (Aİ) Rusiya Bankının aktivlərinin dondurulması qərarını təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə müvafiq qərar Aİ-nin Rəsmi Jurnalında dərc olunub.

Sənəddə qeyd olunub: "Rusiya Mərkəzi Bankının ehtiyatların, habelə aktivlərinin idarə edilməsi ilə bağlı əməliyyatlar, o cümlədən Rusiya Mərkəzi Bankının adından və ya onun tapşırığı ilə fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanla əməliyyatlar qadağandır".

Qeyd edək ki, ötən gün Aİ diplomatiyasının rəhbəri Josep Borrel bildirib ki, Aİ ölkələrinin xarici işlər nazirləri Ukraynada hərbi əməliyyatlara görə Rusiyaya qarşı sanksiyalar, o cümlədən "Rusiya Mərkəzi Bankının aktivlərini iflic edəcək məhdudlaşdırıcı tədbirlər" barədə razılığa gəliblər.

Milli.Az