Aİ Rusiyanın Mərkəzi Bankının aktivlərini donduracaq

27 Fevral 2022 09:36

Avropa İttifaqı ABŞ, Böyük Britaniya və Kanada ilə birlikdə Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) aktivlərini donduracaq, həmçinin rusiyalı iş adamlarına öz aktivlərindən Aİ bazarlarında istifadə etməyi qadağan edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

"İkincisi, biz Rusiya Mərkəzi Bankının aktivlərini iflic edəcəyik. Bu, onun əməliyyatlarını donduracaq. Və bu, [Rusiya Federasiyasının] Mərkəzi Bankının öz aktivlərini ləğv etməsini qeyri-mümkün edəcək.

Və nəhayət, Rusiya oliqarxlarının öz maliyyə aktivlərini bizim bazarlarda istifadə etməsinə imkan verməməyə çalışacağıq", - deyə Ursula fon der Lyayen bildirib.

Eyni zamanda, ABŞ, Aİ, Böyük Britaniya və Kanadanın birgə bəyanatında bildirilib ki, Rusiya Federasiyası Mərkəzi Bankına qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə razılıq əldə edilib.

"Biz Rusiya Federasiyası Mərkəzi Bankının beynəlxalq ehtiyatlarından sanksiyalarımızın effektivliyinə xələl gətirəcək şəkildə istifadə etməsinə mane olacaq məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə razılaşdıq", - deyə birgə bəyanatda bildirilir.

Milli.Az