Putin Qarabağla bağlı qərarını verdi - Rusiya Ermənistandan əlini çəkdi - VİDEO

25 Fevral 2022 17:21

Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" İlham Əliyev və Vladimir Putinin iştirakı ilə imzalanan Bəyannamə Azərbaycan cəmiyyətində əksər insanlar tərəfindən birmənalı qarşılanmadı. Əslində isə mühüm dəyişikliklərdən keçən, çoxqütblülüyün, iqtisadi qloballaşmanın daha da dərinləşdiyi dünyada dövlətlər arasında qarşılıqlı əlaqə və asıllılıqların artdığı, dünyanın yenidən bölüşdürülməsi prosesinin sürətli şəkildə həyata keçirildiyi bir vaxta Azərbaycan Prezidentinin Rusiya ilə belə bir mühüm deklarasiyanı imzalaması onu gələcək xarici təhdidlərdən, ərazisinin toxunulmazlığının, suverenliyinin qorunub saxlanılması baxımından olduqca böyük əhəmiyyətə malik bir hadisə idi.

Bunu eyni zamanda hazırda Rusiya ilə ölüm-qalım savaşı aparan Ukraynanın tanınmış telejurnalisti aparıcısı olduğu verilişdə xüsusi reportaj zamanı Bakı ilə Moskva arasında imzalanan müttəfiqlik Bəyannaməsi ilə bağlı hazırladığı süjetdə deməsi, Azərbaycanın dünyada uğuru kimi qələmə verilən bu tarixi hadisəyə kölgə salmaq istəyənlərə əsl cavab oldu. Ukraynalı jurnalist 43 bənddən ibarət Moskva Bəyannaməsinin bəndlərinə nəzər salaraq bunu İlham Əliyevin rəhbərlik etdiyi xarici diplomatiyasının inanılmaz uğuru adlandırıb. 

Belə ki, ukraynalı aparıcı Azərbaycan Prezidentinin Putinlə imzaladığı müttəfiqlik haqqında tarixi sənədin ardınca birgə mətbuat konfransı zamanı dediyi "Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir. Artıq qeyd etdiyim kimi, Prezident Vladimir Vladimiroviç Putin müharibənin başa çatmasında, nizamlamanın qaynar fazadan siyasi nizamlama fazasına keçməsində mühüm rol oynayıb. Bu gün Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün yollar axtarışında bizim əsas tərəfdaşımızdır" ifadələrə toxunaraq bildirib ki, dövlət başçısı bununla Qarabağın tamamilə Azərbaycana təhvil verilməsini, hətta Rusiyanı sülhməramlı kontiongentini geri çəkilməsi üçün artıq praktiki addımlar atmağa çağırdı, İlham Əliyev eyni zamanda üçtərəfli bəyanatlarda göstərildiyi kimi kommunikasiyaların açılmasının zamanın yetişdiyini Kreml rəhbərinin diqqətinə çatdırdığını qeyd edib.

Azərbaycan dövlət başçısının uzun sürən danışıqlar və çox bəndli sənədin imzalanmasından sonra belə bir ifadə işlətməsi, özü də Moskvada belə bir bəyanatla çıxış etməsi, təbii ki, məsələnin artıq rusiyalı həmkarı ilə razılaşdırdığı anlamına gəlir. Bunu elə ukraynalı aparıcı da hazırladığı süjetdə qeyd edib: "Bu sənədlə Rusiya Dağlıq Qarabağın tamamilə Azərbaycan qaytarılmasını, hətta bütün kənar qoşunların (silahlı birləşmələrin - qanunsuz erməni silahlıları, sülhməramlı kontingent) oranı tərk etməsinə razılıq verib".

Bəyanatın ilk bəndində qeyd edilən "Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar" fikirlər əslində hər şeyi deyir. 

Buradan bir daha aydın olur ki, Rusiya Moskva deklarasiyası ilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin 4-cü bəndində qeyd edildiyi kimi bütün erməni silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılması, eləcə də Azərbaycanın əsas hissəsi ilə Azərbaycan Naxçıvan Muxtar Respublikası arasındakı quru yolun (Zəngəzur dəhlizi) çəkilişinin tezləşdirilməsi üçün Azərbaycan qarşısında öhdəlik götürdü. 

Ukraynalı jurnalist Bəyannamənin ilk bəndinə nəzər salaraq qeyd edib ki, Putin bu sənədə qol çəkməklə Əliyevlə nəinki razılaşdı, həm də söz verdi. Aparıcı sənədin ilk bəndində qeyd edilən "iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət" ifadəsinə istinad edərək bildirib ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) uzun illərdir müttəfiqi olan Ermənistanın 44 günlük müharibə vaxtı yalvarışlarına baxmayaraq heç bir hərbi yardım etmədi. Bu qərarı istər Kreml, istərsə də KTMT döyüşlərin Azərbaycan ərazisində getdiyini səbəb göstərərək əslində Ermənistanı işğalçılıqda ittiham etməklə yanaşı, indi azsaylı ermənilərin yaşadığı bu Qarabağ ərazilərinin də məhz Azərbaycana məxsus olduğu mesajını vermiş oldu. Bu gün isə sənəddə belə bir bəndin əlavə edilməsi o deməkdir ki, Rusiya, xüsusilə də Putin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü tanıdığını təsdiq edir.

Ukraynalı aparıcı süjetdə bildirib ki, Rusiyanın öz maraqları var, onlar artıq erməni maraqlarına əhəmiyyət vermirlər. Rusiya-Ukrayna müharibəsi Moskvanı öz halına yanmağı, özünün toxunulmazlığını qorumaq üçün  bütün diqqəti məhz bu savaş ətrafında gedən proseslərə cəmlədiyindən xəbər verir. Nəzərə alsaq ki, Rusiya təkcə müharibənin ilk 12 saatında 40 milyad dollardan çox pul itirib, o zaman Qərbin sərt sanksiyalarla üz-üzə qoyacağı Moskvanın öz halına acımaqdan başqa yolunun qalmadığını bir daha anlamaq çətin deyil. Qərbin Ukraynanı şikar edərək Rusiyanı müharibəyə şirinikləşdirməsi əlsində elə Rusiyanı məhv etmək üçün öncədən planlaşdırılmış bir oyun idi. 

Geriyə addım olmadığını yaxşı anlayan Rusiya bu müharibədən az zərərlə çıxmaq üçün məhz Azərbaycanla müttəfiqlik sənədinin alternativinin olmayacağını anlayınca, İlham Əliyevin şərtlərinin diqtə etdiyi müttəfiqlik Bəyannaməsinə razılıq verməyi dövlət üçün bu məqamda ən prioritet addım hesab etdi. Moskva görüşündə saatlarca bağlı qapılar arxasında davam edən müzakirələr tərəflərin (Moskva-Bakı) bütün məsələləri konkret olaraq razılaşdırmaq istiqamətində ciddi fikir mübadiləsi apardığından xəbər verir.

Bunu İlham Əliyevin 22 fevralda imzalanan Moskva Bəyannaməsindən cəmi bir gün sonra Rusiyanın paytaxtında rəsmi səfəri çərçivəsində TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı etdiyi "Moskva Bəyannaməsi uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir" açıqlaması bir daha təsdiq edir. Dövlət başçısı bu açıqlaması ilə eyni zamanda xalqa bir mesaj verir ki, narahat olmağa heç bir əsas yoxdur. Biz bu sənədi çoxdan hazırlayırdıq və zaman bizim xeyrimizə qərar verdi. 

Bəli, 5 saatdan çox çəkən danışıqlardan sonra birgə imzalanan bu müttəfqilik sənədi heç də bir günün, bir ilin işi deyildi. Azərbaycan dövlət başçısı heç də az sayılmayan 43 bəndlik Bəyannamənin hazırlanması, orada Azərbaycanın dövlət maraqlarının təmin edilməsi məqsədilə uzun illər bu sənədin tərtib edilməsi məqsədilə bütün nüansları nəzərə alıb və xeyrimizə olacaq ən uyğun şərtlərlə Moskvaya yollanıb.

Belə bir tarixi imkanı yaxaladığımız vaxt təəssüf ki, Rusiyanın Ukraynanı bombardıman etdiyi bir vaxta təsadüf edir. Ərazisi Azərbaycandan 8 dəfə, əhalisi isə 5 dəfə çox olan Ukraynanın "arxasında" bütün dünya dayansa da (Hərbi müdaxilədən çəkinsələr də səsləndirdikləri bəyanatlar, tətbiq etdiləri sanksiyalar, göndərdikləri silah-sursatlarla - red) o dünya bizim 44 günlük müharibə zamanı haqlı davamızda kar, kor idi, hər fürsətdə Azərbaycana badalaq verməyə hazır görünürdü.

İndi baş verən proseslər açıq şəkildə göstərir ki, demək olar ki, bütün yer kürəsi Rusiyaya qarşı cəbhə alsa da onunla bacara bilmirlər. Lakin Azərbaycan diplomatiyası xarici siyasəti ilə, zamanında düşünülmüş addımları sayəsində dünyanın düzəninin dəyişdiyi, yeni qütblərin formalaşdığı, dövlətlərin sərhədlərinin defarmasiyaya məruz qaldığı bir vaxtda öz suverenliyini, təhlükəsizliyini təmin etmək, əlini daha da gücləndirmək üçün etdiyi manevrlərlə heç də kiçik dövlət olmadığını, artıq istənilən məsələdə Bakının maraqlarının hesaba qatıldığını nümayiş etdirir.

Təhməz Əsədov
Milli.Az