Rus sevgilisini öldürən azərbaycanlı iş adamı tutuldu

6 May 2010 14:19
Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, tutulan Şakir Əliyev Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub. Onun barəsində Belqorod vilayəti Daxili İşlər İdarəsi tərəfindən axtarış elan olunub.

DİN Baş Cinayət-Axtarış İdarəsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə axtarış tədbirləri nəticəsində Ş.Əliyev Bərdə rayonu ərazisində tutulub.

Bərdə rayon Polis Şöbəsinin rəisi Ağlar Məhərrəmov Milli.Az-a açıqlamasında bildiridi ki, Ş.Əliyev Belqoroq şəhərində kommersiya işləri ilə məşğul olurmuş. O, bir neçə il əvvəl münaqişə zəminində qeyri-rəsmi yaşadığı rus qadınını öldürüb.

A.Məhərrəmov onu da bildirdi ki, Ş.Əliyev Azərbaycan vətəndaşı olduğuna görə, öz ölkəsində mühakimə olunacaq.

Anar Məmmədov
Milli.Az