Moskvada Azərbaycan və Ermənistan hərbçiləri arasında kütləvi dava olub? - YENİLƏNİB

6 May 2010 14:52
Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlayıb və belə bir hadisə olmadığı haqda məlumat alıb: "Oradan mənə dedilər ki, azərbaycanlılar və ernmənilər başqa-başqa yerlərdə qalırlar".

Dünya Azərbaycanlıları Konqresinin Rusiya təmsilçisi Mirəşrəf Səfiyev də yayılan məlumatın yanlış olduğunu bildirdi. O da öz nəvbəsində Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxladığını və məlumatın öz təsdiqini tapmadığını qeyd edib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu da yayılmış xəbəri təkzib etdi: "Bu məlumatı haradan tapıblar, bilmirəm. Məlumatı eşidən kimi dərhal Rusiya ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, bu gün sonuncu baş məşq keçirilib. Azərbaycanlı əsgərlər özlərini çox nümunəvi göstəriblər. Nə qalmaqal, nə də erməni-azərbaycanlı toqquşması olub. Çox maraqlıdır ki, bu məlumatı nədən uydurublar".  

----------------
13:29

Moskvada mayın 9-da Qələbə günü münasibətilə keçirilməsi planlaşdırılan hərbi parada hazırlıq məşqi zamanı Azərbaycan və Ermənistan hərbçiləri arasında kütləvi toqquşma baş verməsi barədə xəbər yayılıb. Bu haqda Milli.Az xəbər portalına "MilAz" İA-dan məlumat daxil olub. Agentlik məlumatı Moskvadakı etibarlı mənbələrdən aldığını bildirir. Agentlik iddia edir ki, qarşıdurma arxa "qutu"da gedən erməni hərbçilərinin qabaq "qutu"da addımlayan Azərbaycan əsgərlərinə söz atmasından sonra başlanıb.

"Qarşıdurmanın miqyası böyük olduğundan tərəfləri sakitləşdirmək üçün Moskva Baş Polis İdarəsinin rəhbərliyi xüsusi təyinatlı qüvvələri səfərbər edib. Xüsusi təyinatlıların işə müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. Hər iki tərəfdən xəasarət alanların olduğu bildirilir", - deyə məlumatda deyilir.

Məlumatda o da bildirilir ki, Azərbaycanın Rusiyadakı hərbi attaşesi polkovnik Tofiq Salmanov məsələyə müdaxilə edib. Mənbə "hazırda 9 mayda keçiriləcək hərbi paradın təşkilatçıları paradda iştirak edəcək MDB ölkələrinin Silahlı Qüvvələrinin təmsilçiləri sırasından Azərbaycan və Ermənistandan olan hərbçilərin çıxarılmasına dair müzakirələr aparıldığını" iddia edir.

Qeyd edək ki, paradda hər bir MDB respublikasından 75 hərbi qulluqçunin iştirak etməsi planlaşdırılıb.

Milli.Az