Hindistanda 38 nəfər barəsində ölüm hökmü çıxarıldı

18 Fevral 2022 20:30

Hindistan məhkəməsi 2008-ci ildə Əhmədabad şəhərində törədilən partlayışa görə 38 nəfər barəsində ölüm hökmü çıxarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, cinayət işinə Əhmədabadda Xüsusi Məhkəmədə baxılıb.

Partlayışa görə təqsirləndirilən 49 nəfər Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, adam öldürməyə cəhd, iğtişaş törətmək, məzhəblərarası ədavəti qızışdırmaq, həmçinin terror fəaliyyəti maddələri ilə ittiham olunublar.

Fevralın 18-də keçirilən məhkəmə prosesində 49 müttəhimdən 38-i barəsində ölüm hökmü çıxarılıb. 11 nəfərə isə ömürlük azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, 2008-ci ilin iyulunda Əhmədabadın müxtəlif yerlərində törədilən 22 partlayış nəticəsində 56 nəfər ölmüş, 200-dən çox insan yaralanmışdı. Hadisənin növbəti günü polis Surat şəhərininin cənubundan 10 partlamayan bomba aşkarlamışdı. Terror aktını "Hindistan mücahidləri" adlı qruplaşma üzərinə götürmüşdü.

Milli.Az