Əli Həsənov: “Türkiyə və Azərbaycan arasında viza rejimi yaxın vaxtlarda ləğv ediləcək”
6 May 2010 13:00
Türkiyə ilə Azərbaycan arasında viza rejimi yaxın vaxtlarda ləğv ediləcək. Milli.Az xəbər portalı Türkiyənin "Cihan" agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın viza rejiminin aradan qaldırılması məsələsində yaxınlaşması rəsmi Bakı tərəfindən müsbət qarşılanır. Əli Həsənov deyib ki, bu məsələ tezliklə həllini tapacaq: "Hər iki ölkənin Xarici İşlər nazirlikləri bu istiqamətdə iş aparır. Mən inanıram ki, yaxın vaxtlar bu məsələ həll olunacaq".
Prezident Administrasiyasının şöbə müdiri onu da bildirib ki, söhbət yalnız viza rejiminin ləğvindən yox, həm də hərbi-strateji əməkdaşlıqdan gedir: "Əgər Ermənistanla Rusiya arasında hərbi-strateji əməkdaşlıq mövcuddursa, Azərbaycanla Türkiyə niyə əməkdaşlıq etməsin?"
Türkiyə və Azərbaycan arasındakı ticari əlaqələrdən danışan Əli Həsənov bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi potensialdan qat-qat azdır: "Hazırda nə Türkiyə iş dünyasının ən önəmli təmsilçiləri Azərbaycana sərmayə qoyur, nə də Azərbaycanın xarici əlaqələrində Türkiyə birinci yeri tutur".
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, hazırda Azərbaycanla Türkiyə arasında bir sıra səhələrdə, o cümlədən Azərbaycan və Orta Asiya qazının Türkiyə vasitəsilə Avropaya nəqli məsələsi ətrafında müzakirələr aparılır. O inandığını bildirib ki, bütün məsələlər ən qısa zamada həllini tapacaq.
Nabucco layihəsi ilə bağlı suallara cavabında Əli Həsənov deyib ki, Azərbaycanın bu layihədə rolu qaz verməkdən ibarətdir: "Azərbaycan satdığı qazın 50 faizini Nabucco-ya verməyə hazırdır. Bunun üçün "Şahdəniz" yatağındakı ikinci yataq hazırlanıb".
Türkiyənin son vaxtlar beynəlxalq toplantılarda Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirdiyini xatırladan Əli Həsənov qeyd edib ki, Azərbaycan Türkiyədən məhz bunu gözləyir: "Biz bunu gözləyirdik. Buna görə biz Türkiyə hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğana, Prezident Abdullah Gülə, xarici işlər naziri Əhməd Davudoğluna və digər ölkə rəsmilərinə minnətdarıq. Onlar bu məsələni gündəmdə saxlamaqla Azərbaycanın problemi həll olunmadan Ermənistanla sərhədlərin açılmayacağını bəyan edir və verdikləri vədi yerinə yetirirlər".
Əli Həsənov bildirib ki, Azərbaycan enerji qaynaqlarını dünyaya Türkiyə üzərindən nəql etmək istəyir. Onun sözlərinə görə, Azərbaycan Türkiyəni bir dəhliz yox, terminal kimi görür və Türkiyəni enerji mərkəzlərindən birinə çevirməyə çalışır: "Biz Türkiyədən, Türkiyə isə Azərbaycandan çox şey gözləyir".
Milli.Az