Unudulmaqda olan yeməklərindən biri - Murquturş - VİDEO - FOTO

20 Fevral 2022 21:45

Lənkəran mətbəxi çeşidliliyi və özünəməxsus ləziz yeməkləri ilə digər bölgələrin mətbəxindən fərqlənir. Yüz illər boyu bu yeməklər xanların və bəylərin süfrəsini bəzəyib. Bu yeməklərin sırasında ən qədim olanlardan biri isə murquturşdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, lənkəranlı aşpaz Nüsrət Səlimov qədim talış yeməyi olan murquturşu elə qədim üsullarla hazırlayır. Deyir ki, Talış dilində açıqlaması murqu, yəni quş, turş isə bildiyimiz turş anlamındadır.

"Murquturşu hazırlamaq üçün 1 ədəd kənd çolpası, 2 ədəd qırmızı soğan, 2 dəstə cəfəri, bir az sarımsaq, 100 qram qoz ləpəsi, 150 qram kərə yağı, abqora, duz və istiot lazımdır. Əvvəlcə çolpanı doğrayırıq. Qədimdə cəfərini tabaqda döyərək hazırlayıblar. Biz də belə edirik. Çolpa hissələrə ayrıldıqdan sonra isti tavaya yığılır. Təbii ki, kərə yağını tavada yaxşı qızdırmaq lazımdır. Cəfəri doğranır, sonra iki qırmızı soğanı da doğrayıb tabağa əlavə edirik. Cəfəri və soğan toyuqla birgə qızardılır. Cəfərini qaralana kimi qızartmaq lazımdır. Qoz da xırda-xırda doğranır. Bir az sarımsaq da əlavə edirik. Daha sonra digər ədviyyatları tavaya tökürük. Yemək bişdikcə qoz ləpəsi üzərinə əlavə olunur, ardınca abqora tavaya tökülür. Təxminən 10-15 dəqiqədən sonra murquturş yeməyi hazır olur", - deyə Nüsrət aşpaz bildirir.

İndi restoranlarda bu yeməyi sifariş edənlərin sayı az olsa da, Nüsrət Səlimov deyir ki, murquturşun unudulmaması üçün onu tez-tez menyuya əlavə edir: "Murquturş daha çox yaz fəslində yeyilir. Yəni, göyərtilərin yetişən vaxtı. Şəhərimizə gələn qonaqlarımız üçün bu qədim yeməklər çox maraqlıdır".

Qeyd edək ki, Lənkəran mətbəxinə məxsus ləvəngi toyuq, qozlu kükü, boranı plov, mərci plov, turşu kabab, qiymə badımcan, şirin qovurma, fisincan, balıq və badımcan sırdağı nəinki ölkə daxilində, hətta dünya mətbəxində ən ləziz yeməklərdən sayılır. Lakin bu bölgənin unudulmaqda olan yeməkləri də az deyil. Murquturş, lökü, müsəmma kimi yeməklər də bu sıradadır.

Milli.Az