"Güc tükənir, narkotik orqanizmi yavaş-yavaş sıradan çıxarmağa başlayır..."

7 Mart 2022 23:39

Laboratoriya şəraitində hazırlanan və tam sintetik maddə olan metamfetamin əhali arasında daha çox "patı" və "şüşə" kimi tanınmasının səbəbi onun kimyəvi tərkibi və görünüşünün şüşə qırıntılarını xatırlatmasıdır. Xüsusilə, gənclər həmin maddəni depressiyadan çıxaracaq xüsusiyyətlərə malik olması barədə yalanlara uyur və metamfetaminin istifadəçisinə çevrilir və bəla da bundan sonra başlayır.

Milli.Az xəbər verir ki, həkim-narkoloq Fizzə Baxışova deyib: "Orqanizmdə baş verən dəyişikliklərə görə həmin şəxslər həddən çox aqressiv, ayıq olurlar, onlarda hansısa güdmələr, qorxular və təhlükələr əmələ gəlir. Narkotik istifadəçilərinə elə gəlir ki, kimsə onu arxadan güdür, kimsə onları izləyir və gözə görünmələr əmələ gəlir".

Yalançı bol enerji vəd edən bu dəhşətli bəla onun girdabına yuvarlananları günlərlə ac və yuxusuz saxlayır. Güc tükənir, narkotik orqanizmi yavaş-yavaş sıradan çıxarmağa başlayır, görkəmi eybəcərləşdirir, sağalmaz yaraların yaranmasına səbəb olur.

"Psixotrop maddə istifadə edənlərdə daha çox infeksion xəstəliklər yayılır və həmin xəstəliklərə hepatit B və hepatit C-ni misal göstərmək olar. Metamfetamin sintetik vasitə olduğuna görə onların dozalarını müəyyən etmək olmur və ondan bir dəfə hətta cüzi istifadə edilməsi də ölümə aparıb çıxara bilər", - deyə həkim-narkoloq qeyd edib.

Məlumatsızlıq, irəlidə onları gözləyən əzab-əziyyəti, ağrı-acını təsəvvür etməmək nəticəsində yeniyetmə və gənclər öz sağlamlıqlarını itirir və tədricən "həyatın dibinə" sürüklənirlər. Onlar həm fiziki sağlamlıqlarını qurban verir, həm də narkotik vasitəni əldə etmək naminə maddi cəhətdən də müflis vəziyyətə düşürlər.

Qeyd edək ki, respublika üzrə qeydiyyatda olan narkotik vasitə istifadəçilərinin sayı 30 mindən çoxdur, Bakı şəhəri üzrə onların sayı 11 min 41 nəfərdir və onların 300-ü qadındır.

Milli.Az