"Bərkgedən" Aston Martin DBX krossoverinin növbəti tizeri dərc edilib - FOTO

22 May 2022 19:01

Aston Martin şirkəti DBX krossoverinin "bərkgedən" versiyasına həsr olunmuş tizer kampaniyasını davam etdirir. Bu dəfə Britaniya istehsalçısı Facebook sosial şəbəkəsində "bərkgedən" Aston Martin DBX krossoverinin profildən çəkilmiş şəklini dərc edib. Xatırladaq ki, Aston Martin DBX krossoverinin yeni versiyasının təqdimatı 1 fevral tarixində keçirilməlidir.

Tizer tündləşdirilsə də, "bərkgedən" verisyanın bəzi seçilən cəhətlərini görmək mümkündür - ilk növbədə, inkişaf etdirilmiş ön splitter və arxa diffuzor diqqəti cəlb edir. Bundan başqa, DBX S adlandırılacağı güman edilən krossover təkər disklərinin dizaynı ilə fərqlənir. Əvvəl də bildirildiyi kimi, "bərkgedən" krossoverin iri hava girişləri olan ön bamperə və buraxılış sisteminin dörd çıxış borusuna malik olacağı gözlənilir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Britaniya markası Aston Martin DBX S krossoverinin "dünyanın ən güclü lüks krossoverinin" olacağını iddia edir. Bu halda "bərkgedən" krossover təkcə Lamborghini Urus modeli (650 at qüvvəsi, 850 Nm) ilə deyil, həm də gələcək Urus Evo, habelə Lister Stealth (675 at qüvvəsi, 881 Nm) və Porsche Cayenne Turbo S E-Hybrid (680 at qüvvəsi, 900 Nm) modelləri ilə də rəqabət aparmalıdır. Əvvəllər Aston Martin krossoverinin mühərrikinin gücünün 700-730 at qüvvəsi arasında olacağı söylənilirdi.

Milli.Az