Bu da Bronco VelociRaptor - FOTO

3 İyul 2022 19:05

Hennessey Performance tüninq atelyesi tam hazır olan ilk Hennessey VelociRaptor 400 Bronco ofrouderini təqdim edib. 2021-ci ildə bəyan edilmiş layihə üzərindəki işlər yalnız indi tamamlansa da, "bərkgedən" ofrouderi dərhal almaq istəyənlərin sayı durmadan artır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bununla belə, amerikan atelyesi bu ofrouderə olan tələbatı qarşılamaq iqtidarında deyil. Üstəlik, Hennessey VelociRaptor 400 Bronco modelinin tirajı məhdud saylı olacaqdır.

"Bərkgedən" Hennessey VelociRaptor 400 Bronco ofrouderinin əsasını 2,7-litrlik V6 turbomühərriki ilə təchiz olunmuş standart versiya təşkil edir. Hennessey atelyesinin mütəxəssisləri yeni proqram təminatı və təkmilləşdirilmiş giriş sistemi, habelə yeni buraxılış sistemi sayəsində mühərrikin gücünü 81 at qüvvəsi artırmağa nail olublar: artıq 2,7-litrlik turbomühərrik 411 at qüvvəsi hasil edir.

Bundan əlavə, ofrouder 35-düymlük yolsuzluq şinləri taxılmış 18-düymlük təkər disklərini, yeni bamperləri, əlavə işıq texnikasını və irəli çıxan pillələri əldə edib.

Ofrouderin kuzovu və interyeri Hennessey atelyesinin loqotipləri ilə bəzədilib. Hər bir Hennessey VelociRaptor 400 Bronco modeli müştəriyə çatdırılmazdan əvvəl dinamometrik stenddə yoxlanılacaq və atelyenin poluqonunda sınaqdan keçiriləcəkdir. Bu testlərin necə baş verdiyini Hennessey Performance atelyesinin yaradıcısı və rəhbəri Con Hennessi nümayiş etdirib.

Hennessey VelociRaptor 400 Bronco modeli zamanla kolleksiya avtomobilinə çevrilə bilər, çünki "bərkgedən" ofrouder 200 nüsxədən ibarət olan məhdud saylı tirajla buraxılacaqdır. Tüner avtomobillərə üç il və ya 36 min mil (58 min kilometr) zəmanət də təqdim edir.

Milli.Az