Hafiz Məmmədov barəsində 2 ay 15 günlük həbs qərarı seçildi: 1,5 milyon manat vergi borcu

27 Yanvar 2022 17:07

Tanınmış iş adamı, "Bakı" futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Milli.Az xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Hafiz Məmmədovun barəsində 2 ay 15 gün müddətinə (aprelin 12-dək) həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.

Vəkili İsmayıl Kəngərlinin sözlərinə görə, hazırda Məmmədovun vergi və sosial ödənişlər üzrə borcu 1,5 milyon manatdır.

Vəkil bildirib ki, müvəkkili barəsində seçilmiş 2 ay 15 günlük həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət Yasamal Rayon Məhkəməsinə təqdim olunub.

Vəsatətə gələn həftə baxılacağı gözlənilir.

Vəkil qeyd edib ki, Hafiz Məmmədovun vergi və sosial ödənişlərlə bağlı 400 min manat borcu olub, həmin məbləğ də tam ödənilib:

"Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədovun istintaqa gəlməkdən boyun qaçırması isə həqiqəti əks etdirmir. Bununla bağlı Dövlət Vergi Xidməti tərəfindən bildiriş göndərilməyib".

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az