Paşinyanın prezidentliyə namizədi kim olacaq…

26 Yanvar 2022 14:32

"Prezident Armen Sarkisyanın istefasından sonra hökumət üzvləri çılğınlıq içindədirlər, kimin prezidentliyə namizədliyini irəli sürəcəklərinə qərar verə bilmirlər. Baxmayaraq ki, hakim "Mülki müqavilə" partiyası çoxdan istəyirdi ki, prezident bu siyasi təşkilatdan olsun, yəni Armen Sarkisyandan qurtulsunlar. Amma yeni prezidentin təyinatı məsələsinin onlar üçün böyük problem olacağını təsəvvür etmirdilər".

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanda çıxan "Joğovurd" qəzeti yazıb.

Qəzet qeyd edir ki, indi həm hakim partiya, həm də eyni adlı parlament çoxluğu baş nazir Nikol Paşinyanın iştirak edəcəyi növbəti iclası gözləyir.

Verilən məlumata görə, hökumətin Dilicanda təxirə salınan iclası yəqin ki, bu həftəsonu baş tutacaq. Yalnız bundan sonra hakim partiyanın prezidentliyə namizədinin kim olduğu bilinəcək.

"Məsələ burasındadır ki, Paşinyan prezidentliyə namizədi şəxsən seçib onu komanda yoldaşlarına təqdim edəcək və yəqin ki, partiya üzvləri namizəd seçiminə nə etiraz edəcək, nə də bu barədə müzakirə aparacaq", - qəzet yazır.

Hakimiyyət mətbuatında  bir neçə prezidentliyə namizədin adı nəzərdən keçirilsə də, Paşinyanın son anda öz komandasından birini prezident postuna gətirəcəyi istisna olunmur.

Nikol Paşinyan son mətbuat konfransı zamanı yeni prezidentin hökumət və parlament çoxluğu, "Mülki müqavilə" partiyası ilə ahəngdar işləməli olduğunu vurğulayıb. O xatırladıb ki, hələ ötən il Baş Qərargah rəisi Onik Qasparyan baş nazirin istefasını tələb edərkən Armen Sarkisyan onun vəzifədən azad edilməsi haqqında fərmanı imzalamaq istəmirdi.

"Həmin harmoniyanın olmaması səbəbindən bizim çox ciddi çətinliklərimiz var idi, bəlkə də o anda hətta onların dərinliyini qeyd etməmişdik. Xüsusən də Baş Qərargahın ötən il məşhur bəyanatı kontekstində bu, ümumiyyətlə, hökumətin problemi deyildi, bu, icra hakimiyyətinin problemi deyildi, mənim qiymətləndirməm odur ki, biz o zaman dövlətçiliyi itirmək ərəfəsində idik", - Paşinyan bildirib.

Milli.Az