Qarabağdakı rus hərbçilər tariximizi də saxtalaşdırır - VİDEO - FOTO

25 Yanvar 2022 10:27

Rusiyanın Qarabağda müvəqqəti yerləşmiş sülhməramlı kontingent ermənilərin Xocavənd rayonundakı Sos kəndində yerləşən Amaras monastır kompleksinə ziyarətini təmin ediblər.

Ermənistandan və rusiyalı sülhməramlıların nəzarətindəki Azərbaycan ərazilərindəki yaşayış məntəqələrindən 153 erməni Amarasa yollanıblar.

Rusiyalı sülhməramlı kontingentin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir: "Amaras  - Martuni rayoununun ərazisində, ilkin orta əsrlərə aid xristian monastırlardan biridir. Amaras monastır kompleksi orta əsrlər Ermənistanında məşhur dini və mədəni mərkəz sayılırdı".

Xocavənd rayonunu "Martuni" adlandırmaqla kifayətlənməyən rusiyalı sülhməramlılar Amarası da "qədim erməni monastırı" kimi qələmə verərək tarixi həyasızcasına saxtalaşdırırlar.

Gerçək isə budur ki, Amaras monastırı Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilib. Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olub. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir.

Tarixi mənbələr həm monastırı, həm də onun əsas məbədini Qafqaz Albaniyasının birinci katolikosu Qriqorisin adı ilə əlaqələndirirlər. Vatnan çölündə öldürülməsindən sonra onun cəsədi hələ Maarifçi Qriqori tərəfindən inşa edilmiş monastır kilsəsinə gətirilmiş və burada sərdabədə (və ya altar altında) dəfn edilib.

Rusiyalı sülhməramlılar dini hissələr belə həssas yanaşırlarsa, nədən azərbaycanlıların Ağdərədə, Xankəndində, Əsgəranda, Xocalıda viran qoyulan, darmadağın edilən məscidlərinə ziyarətlərin təşkil etmirlər?

Orxan Hun
Milli.Az