Sevgilisinə zülm etdi: “Gecə fermada qaldıq, ata-anası gələndə...” - TƏFƏRRÜAT

23 Yanvar 2022 10:45

Quba rayonunda 1993-cü il təvəllüdlü Elçin şəxsi münasibətlər zəminində qeyri-rəsmi arvadı Mahirəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il avqustun 7-də baş verib. Elçin qeyri-rəsmi şəkildə ər-arvad münasibətində olduğu Mahirənin ayrılmaq məqsədilə həmin günü saat 12 radələrində idarə etdiyi "Ford Tranzit" markalı yük avtomaşınında onu Bakı-Quba magistral yolu ilə Qusar rayonundakı evlərinə aparıb.

Quba rayonu Paşaoba kəndi ərazisindən keçən zaman Mahirə ondan şikayət edəcəyini deməsini bəhanə gətirib, onunla mübahisə edib. Daha sonra maşını saxlayıb və Mahirənin maşından düşməsini tələb edib. Qadın maşından düşməkdən imtina etdiyinə görə əlləri ilə onun üzünə, ayaqları ilə bədəninin digər nahiyələrinə təpik zərbələri vurub.

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şabran rayonu Məliklər kəndində yaşayır: "Evliyəm, iki azyaşlı uşağım var. Atam Bəşirə məxsus Şabran rayonu Aygünlü kəndində yerləşən ferma sahəsində xırda buyunuzlu heyvanlara baxıb, ailəmi dolandırıram.

Bir il əvvəl Quba şəhərində Qusar rayon sakini Mahirə ilə tanış oldum. Mahirə əvvəl bir dəfə evli olub, sonra boşanıb. Onun bir uşağı var, aliment alır. Özümün evli olmağıma baxmayaraq Mahirənin istəyi ilə onu qeyri-rəsmi ikinci arvad kimi saxlamağa başladım. Öz ailəmdən gizli olaraq əvvəlcə Quba şəhərinin mərkəzində, sonra isə Şabran şəhərində ona kirayə ev tutdum.

Hətta ara-sıra onu Şabran rayonu Aygünlü kəndində yerləşən "Göyçə" adlı ərazidəki fermaya da qalmağa aparmışam. Lakin Mahirə mənimlə qalmırdı. Hara istəyirdi, gedib-gəlirdi. Mənə gedəcəkləri yerləri bildirmirdi. Mahirənin başqa kişilərlə görüşməsindən şübləndiyim üçün aramızda narazılıq olurdu. Ona dəfələrlə xəbərdar etmişdim ki, əlaqəni kəsəcəm. Mahirə isə məndən əl çəkmirdi".

Elçinin sözlərinə görə, iyulun 29-da ad günü qeyd etmək münasibəti ilə Mahirəni fermaya aparıb: "İyulun 30-da Mahirəni Quba şəhərindən taksi maşını ilə Qusar rayonuna yola saldım. Avqustun 4-də fermada tək qaldığım üçün Mahirəni yenidən fermaya apardım. Avqustun 6-da aramızda söz-söhbət yarandı. Bu zaman məni söydüyünə görə Mahirənin kürəyindən iki yumruq zərbəsi vurdum".

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri günü anası Xumar və qardaşı Samir fermaya gəliblər: "Onlar Mahirəni fermada gördülər, məndən onu aparmağımı tələb etdilər. Bu zaman qardaşım Mahirə ilə sözlə mübahisə etdi. Anamgil gedəndən sonra Mahirəni qardaşımın adına olan "Ford-Tranzit" markalı yük maşında evlərinə aparmaq üçün Qusar rayonu istiqamətində yola düşdüm.

Saat 12 radələrində yolüstü Quba rayonu Paşaoba kəndi ərazisindən magistral yolla keçdik. Yolda Mahirə dedi ki, ya sən mənə 1000 manat pul verəcəksən, ya da polisə sənin məni döyməyin barədə şikayət edəcəm. Həmin vaxt Mahirəyə bərk əsəbləşdim, maşını saxlayaraq ondan maşından düşməsini tələb etdim. Lakin Mahirə maşından düşmək istəmədi. Ona görə aramızda mübahisə yarandı, Mahirənin üzünə şillə vurdum. Sonra təpik zərbələri ilə onun qarın nahiyəsinə vuraraq maşının kabinəsindən yerə yıxdım. Bundan sonra maşını sürərək ordan uzaqlaşdım".

Elçin ifadəsinin sonunda əməlindən peşman olduğunu və barəsində Zəfər günü münasibəti ilə Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya Aktının tətbiq edilərək, məsuliyyətdən azad olunmasını xahiş edib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mahirənin sözlərinə görə, əvvəllər bir dəfə evli olub: "Həmin nikahımdan bir azyaşlı uşağım var. Heç bir yerdə işləmirəm. Təxminən iki il bundan əvvəl Elçinlə tanış olmuşam. Qısa müddət ərzində aramızda yaxın münasibət yarandı. Elçindən öyrəndim ki, onun arvadı və iki uşağı var. Təklif etdi ki, ikinci arvad kimi məni saxlasın. Hətta kəbin etdirməyə və hər ay mənim ehtiyaclarım üçün 500 manat verməyə boyun oldu.

Elçinə inandım, onunla razılaşdım. Daha sonra kəbin etdik, birlikdə yaşamağa başladıq. Bir müddət sonra Elçin məni qısqanmağa başladı. Onun valideynləri və qardaşı bizim münasibətlərimizdən xəbər tutdu, mənimlə əlaqəni kəsməyi tələb etdilər".

Mahirə qeyd edib ki, avqustun 4-də Elçinin işlədiyi fermada olub: "Bu zaman qoyunlar nəzarətsiz qalaraq uzağa getdiklərinə görə Elçin mənimlə mübahisə etdi, başıma yumruq zərbələri vurdu. Səhəri gün fermaya Elçinin anası və qardaşı gəldilər. Qardaşı ilə aramızda mübahisə yarandı. Onlar getdikdən sonra Elçindən özüm istədim ki, məni Qusar rayonundakı evimizə aparsın. Elçin xahiş etdi ki, ondan şikayət etməyim. Mən də onunla razılaşdım".

Mahirə deyib ki, avqustun 7-də saat 12 radələrində Elçin onu idarə etdiyi avtomobilə mindirib və Qusar rayonuna aparıb: "Quba rayonu Paşaoba kəndi ərazisindən keçəndə Elçini xəbərdar etdim ki, Qusara çatan kimi onu polisə verəcəm. Elçin yenə xahiş etdi ki, ondan şikayət etməyim. Lakin and içərək ondan polisə şikayət edəcəyimi söylədim.

Bunu deyəndə Elçin mənə əsəbləşdi. Əvvəlcə sifətimin sol nahiyəsinə yumruq atdı, sonra isə maşında qarın nahiyəmə və sol ayağıma bir neçə dəfə təpik zərbələri vurdu. Məni maşından çölə itələdi.

Məni təpiklə itələyərkən avtomobilin kabinəsinin sağ qapısına sıxıldım. Bu məqamda qapı açıldı və mən asfalta yıxıldım. Maşından yıxılarkən hər iki qollarımdan, əllərimdən müxtəlif sayda sıyrıq xəsarətləri aldım.

Maşından yerə yıxılan kimi Elçin avtomobildən düşdü, yanıma gəldi. Məni təzədən maşına mindirmək istədi, minmədim. Bundan sonra Elçin getdi. Oraya toplaşan adamlar təcili yardım çağırdılar. Məni Xaçmaz rayon Mərkəzi Xəstəxanasına apardılar".

Mahirə ifadəsinin sonunda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib, ona ağır cəza verilməsini istəyib.

Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb.

Elçinin barəsində "8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilib. Onun cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Milli.Az