"12 yaşlı oğlumun boğazını kəsdilər"

7 Mart 2012 14:46
Əhməd İbrahim adlı homslunun dediyinə görə, Homs şəhərindəki Baba Əmr məhəlləsinin yanındakı Cobarda onun oğlu qətlə yetirilib.

"Prezident Bəşər Əsədin əsgərləri orada 36 uşağı qətlə yetirdilər. Öldürülənlər arasında 12 yaşlı oğlum da vardı. Oğlumu və başqa uşaqları əsgərlər aparanda bir maşının dalında gizlənmişdim. Əsgərlər əvvəlcə oğlumun başına polieliten paket keçirdilər, sonra boğazını kəsdilər. Uşaqlar bağırır, ölmək istəmədiklərini deyirdilər. Əsgərlər oğlumla yanaşı, iki qardaşımı və bacım oğlunu da güllələdilər", - İbrahim deyib.

Qaçaraq canlarını qurtarmış homsluların dediklərinə görə, Baba Əmr küçələrində qalmış cəsədlər artıq iylənməyə başlayıblar. Ətrafı kəsif cəsəd qoxusu bürüyüb.

Bəşər Əsədə sadiq ordudan qaçmış bir əsgər isə danışıb: "Orada 10 yaşlı bir qızın sinəsindən vurularaq öldüyünü gördüm. Bu vəhşiliklərə artıq dözə bilmirdik. 5 əsgər yoldaşımla qaçaraq Türkiyəyə üz tutduq".

Milli.Az