Azərbaycanda dollar satışının artmasının səbəbi - EKSPERT ŞƏRHİ

20 Yanvar 2022 21:08

Azərbaycanda dollar satışı artıb. Mərkəzi Bankın yanvarın əvvəlindən keçirdiyi 4 valyuta hərracında 440,5 milyon dollarlıq satış həyata keçirilib.

Bayram tətilindən sonra keçirilən ilk hərracda bankların tələbi 116,4 milyon dollara çatanda Mərkəzi Bank elan etdi ki, bu artım tətil günlərində yığılan təkliflə bağlı olub. Doğrudan da, sonrakı hərracda tələb 96 milyon dollara qədər azaldı. Lakin növbəti hərraclardan yenidən 110 milyon dolların üzərinə qalxdı. Bu isə əhali arasında devalvasiya olacağına dair məlumatların yayılmasına səbəb oldu.

Maraqlıdır ki, təxminən eyni situasiya 2021-ci il yanvarın ilk yarısında da müşahidə olunub. İlk 2 hərracda dollara tələbat 65-70 milyon dollar arasında olduğu halda, üçüncü hərracda 142 milyon, dördüncüdə 100 milyon dollar təşkil edib. Həmin vaxt Mərkəzi Bank əhali arasında yaranan təşvişi önləmək üçün xüsusi açıqlama ilə çıxış edib.

Manat üçün real təhlükə varmı: dollara tələb niyə artıb? - 14.01.2021,  Sputnik Azərbaycan

İndiki vəziyyətlə tam uzlaşan açıqlamada qeyd olunur ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib: "Lakin neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək. Eyni zamanda, son günlər bəzi internet səhifələrində guya bankların qeyri-nağd ABŞ dolları satışlarında problem olduğunu və bunun valyuta hərracları ilə bağlı olduğunu iddia edən fikirlər də əsassızdır. Bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə 2 dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir".

Bu açıqlamadan sonra hərraclarda dollara tələbat yenidən 100 milyonun altına düşdü.

Hələlik Mərkəzi Bank indiki məlumatlarla bağlı hər hansı açıqlama verməyib. Lakin qurumun rəhbəri Elman Rüstəmov yanvarın ilk hərracında ölkədə devalvasiya gözlənmədiyini, bunun üçün şərtlərin olmadığını bəyan edib. Buna baxmayaraq, bankların hələ də dollar satışına məhdudiyyət tətbiq etməsi müzakirələrin davam etməsinə səbəb olub. Eyni zamanda banklar dolların alış qiymətini 1,7 manata yüksəldiblər ki, bu da devalvasiya təşvişinin artmasını şərtləndirib.

Bu il əhali arasında nağd dollar alışı satışı 22% üstələyib

Əhali arasında devalvasiya qorxusunun aradan qalxmasına imkan verməyən hansı amillərdir? Dollara tələb nədən yüksəlib?

Milli.Az musavat.com-a istinadən bildirir ki, sualları şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda il sonu və yeni ilin ilk həftələrində dollara tələbatın artması son illər daim müşahidə olunan haldır: "İlin son aylarında dövlət büdcəsi xərcləmələrinin artması dövriyyəyə daha çox manatın daxil olmasını, bu isə dolların alış həcmini artırır. Digər tərəfdən, dollara tələbin artmasına hərilin son aylarında büdcə müzakirələri, o cümlədən növbəti il üçün məzənnə müzakirələrinin getməsi də səbəb olur. İnsanlar bu müzakirələrin intensivliyindən təşvişə düşərək əllərindəki manatı dollara çevirməyə çalışırlar. 2022-ci ildə vəziyyəti fərqləndirən amillərdən biri budur ki, ötən il yanvarın 18 günü karantin məhdudiyyətləri ilə keçmişdi. Bütün iqtisadi fəaliyyətlər demək olar ki, dayandırılmışdı. Amma 2022-ci ildə məhdudiyyətlər yoxdur, iqtisadi fəaliyyətlər davam edir, xarici səfərlər reallaşdırılır. Bu da dollara tələbin artmasına təsir edir. Daha bir mühüm amil 2021-ci il ərzində idxalın həcm və dəyər ifadəsində artmasıdır. Bu artım indi də davam edir. Dəyər ifadəsində artım xüsusilə böyükdür - 20-25 faizədək. Bu da alınan malların dəyərinin ödənməsi üçün daha çox həcmdə dolların tələb olunmasını şərtləndirir".

Ekspert bildirir ki, Türkiyə və digər qonşu ölkələrdə milli valyutaların dəyərsizləşməsi iki baxımdan Azərbaycanda dollara tələbi artırır: "Əvvəla, bu ölkələr bizim idxalımızda mühüm paya malik ölkələrdir. Onlarda milli valyutanın ucuzlaşması Azərbaycan vətəndaşlarının həmin ölkələrdən ticarətini artırır. Eyni zamanda qonşulardakı vəziyyət əhalidə Azərbaycanda da eyni problemlərin yaranması ehtimallarını formalaşdırır və bu da dollar alışını artırır. Bütün bunların üzərinə hökumətin düzgün olmayan yanaşmaları da əlavə olunur. Məsələn, banklara qeyri-rəsmi formada dollar satışında məhdudiyyət tətbiq olunması göstərişi verilib. Lakin bütün bunlara baxmayaraq, dollar alışı ilə bağlı hər hansı ajiotaj yoxdur: bankların qarşısında növbə yaranmır. Bir çox hallarda banklar gündəlik satmaq istədikləri həcmdə dolları sata bilmirlər. Lakin məni narahat edən qara bazardır. Bildiyiniz kimi, hüquqi şəxslər üçün valyutanı almaq sahəsində müəyyən dəyişikliklər var. Onlar yalnız rəsmi şəkildə bəyan etdikləri dövriyyəyə uyğun həcmdə xarici valyuta ala bilirlər. Bu, dövriyyələrin şəffaflaşdırılması üçün atılan addımdır. Bir sıra hallarda hüquqi şəxslər dövriyyələrini tam həcmdə təqdim edə bilmirlər, yaxud etmək istəmirlər. Bu zama onların dollar tələbatlarını necə qarşıladıqları sualı yaranır. Beləliklə, düşünürəm ki, haradasa qara bazar formalaşa bilər. Banklar da əhalidən topladıqları valyutanın bir hissəsini qara bazara yönəltməklə gəlir əldə etməyə çalışarlar. Mərkəzi Bankın hərraclarında əldə edilən valyuta ilə bunu etmək mümkün deyil, çünki dəqiq uçotu aparılır, hesabat verilir. Buna görə də yalnız əhalinin satdığı valyuta ilə bu prosesdə iştirak etmək olar. Bankların dolların alış qiymətini artırması bu ehtimalın reallıq əmsalını çox artırır".

R.Həsənov deyir ki, hazırda Azərbaycanda devalvasiyanın olması üçün heç bir əsas, gözlənti yoxdur: "Əksinə, hökumət bu addıma gedərsə, çox kəskin bahalaşma başlaya, inflyasiya prosesləri nəzarətdən çıxa bilər. Bu isə bütövlükdə ölkədə makroiqtisadi sabitliyin pozulması demək olar. Buna görə də indiki mərhələdə hökumətin devalvasiyaya getməsini real və mümkün saymıram".

Milli.Az