Bakıda 2000 manata “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb - FOTO

20 Yanvar 2022 18:37

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şöbəyə paytaxt sakini Elxan Soltanovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs odlu silahı 2000 manata satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Makarov" markalı tapança, 8 ədəd patron və daraq aşkar edilərək götürülüb. Elxan Soltanov "Makarov" markalı odlu silahı bir neçə il bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az