"Eyvanda dayananlar onların güllələrinə qurban getdilər" - Aybəniz Haşımova

20 Yanvar 2022 12:12

"O, gecə getsin, bir də gəlməsin... İndiyənə kimi o səslər nə gözlərimin önündən, nə də qulaqlarımdan gedir. İlahi, necə çığırırdı insanlar. Onlar isə qarşısına keçəni biçirdilər".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Müğənni 20 Yanvar faciəsini belə xatırlayıb:

"Eyvanda anamı tək qoymamaq üçün yanında dayanmışdım. O, isə Rauf Səlimbəyli oğlunu haray çəkib çığırıb, ağlayırdı, elə bilirdi ki, oğlu da tankın üstündəki cəlladların gülləsinə tuş gəlib. Birdən gördülər ki, eyvanda insanlar onları kameraya çəkir və elə o zaman eyvanlara da atmağa başladılar, vəhşilər. Nə qədər eyvanlarda dayanan insanlarda onların əzrayıl güllələrinə qurban getdilər. Səhəri anamla düşdük küçəyə və Şamaxinkadan üzü aşağı bütün yol qana bürünmüşdü... Şəhər sanki ölmüşdü... Hər 20 Yanvar tarixini xatırlayanda o, günün acısı bütün ürəyimi didir, yandırır... O, yanğı hələdə qəlbimdə Şəhidlər xiyabanında yanan məşəl kimi ürəyimdə yanır... Mənimlə haqq dünyama gedəcək. Millətimə əl qaldıran, o əmri verən, əmrə dəstək olan canilərin əlləri, beyinləri qurusun".

Milli.Az