"Ət-Təğabun" surəsinin izahı

20 Yanvar 2022 23:55

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. Hökm Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir.
Göylərdə və yerdə olan məxluqatın hamısı Allahı bütün naqis sifətlərdən uzaq tutaraq şəninə təriflər deyir. Uca Allah başqa bir ayədə buyurur: "Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır" (əl-İsra, 44).
Uca Allah bütün təriflərə layiq olan və istədiyini etməyə gücü yetən həqiqi Hökmdardır.

2. Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür.
Uca Allah insanları yaratdı və onları başlı-başına buraxmadı. Uca Allah insanlara Öz lütfü və mərhəməti sayəsində peyğəmbərlər göndərdi və kitablar nazil etdi. Buna baxmayaraq insanlardan bir qismi könüllü olaraq küfrü, bir qismi də könüllü olaraq imanı seçmişdir. Uca Allah insanların hər bir əməlini görür. Heç bir şey Ondan gizli qalmaz. O hər şeyi görəndir.  

3. O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır.
Uca Allah insanı xəlq etməsini qeyd etdikdən sonra göyləri və yeri əyləncə üçün deyil, əksinə dərin bir hikmət üçün yaratdığını bildirir. O buyurur: "Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmadıq. Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir" (əd-Duxan, 38-39).
O, insanı ən gözəl və ən kamil surətdə yaratdı; ona ağıl verdi, qamətini düz tutub başını uca etdi, insana iki göz, iki dodaq və dil verdi. Buna görə insan fikirlərini və hislərini ifadə edərək başqaları ilə ünsiyyət qura bilir. Həqiqətən də, bunlar böyük nemətdir.
Uca Allah buyurur: "Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?" Həqiqi Hökmdar olan Allah hər şeydən ucadır! Ondan başqa heç bir ilah yoxdur. O, şanlı Ərşin Rəbbidir" (əl-Muminun, 115-116).
Uca Allah insanı əbəs yerə deyil, böyük bir məqsəd üçün xəlq etmişdir. O buyurur: "Mən cinləri və insanlrı yalnız Mənə ibadət etmələri üçün yaratdım" (əz-Zəriyyət, 56).
İnsan öldükdən sonra Qiyamət günü Allahın hüzuruna qayıdacaq və hər bir əməlinə görə sorğu-sual olunacaq.

4. O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah kökslərdə olanlardan agahdır.
Uca Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Habelə, insanın təklikdə və insanlar arasında etdiyi hər bir əməlini də bilir. Uca Allah insanın qəlbindəki bütün niyyətlərdən və ağlından keçən bütün fikirlərdən xəbərdardır.

5-6. Daha öncə kafir olmuş və öz əməllərinin cəzasını dadmış kimsələrin xəbəri sizə gəlib çatmadımı? Onlar üçün acılı-ağrılı bir əzab hazırlanmışdır. Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə: "Məgər bizə bir insanmı doğru yol göstərəcək?"- deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allahın onlara ehtiyacı yoxdur. Allah Zəngindir, Tərifəlayiqdir.
Burada Nuh, Hud, Saleh, İbrahim, Lut və digər peyğəmbərlərin ümmətindən kafir olmuş tayfalar nəzərdə tutulur. Uca Allah onlar haqqında Qurani-Kərimdə xəbər vermişdir. Belə ki, peyğəmbərləri onları tövhidə, yəni tək olan Allaha iman gətirib yalnız Ona ibadət etməyə, Allahdan başqa tapındıqları tanrıları isə tərk etməyə çağırmışlar. Peyğəmbərləri açıq-aydın dəlillərlə gəldikdə, onlar: "Məgər bizim kimi bir insanmı bizə doğru yolu göstərəcək?" - deyərək təkəbbürlük edib imandan üz döndərdilər. Kafirlər törətdikləri şirk, küfr və digər asiliklərin acı nəticələrini hələ bu dünyada daddılar, axirətdə isə onlara Cəhənnəmin şiddətli əzabı veriləcək. Uca Allahın onların imana gəlmələrinə ehtiyacı yoxdur. Çünki, Allah heç kəsə möhtac olmayan və bütün təriflərə layiq olandır.

7. Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De: "Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!"
Kafirlər həyatın ancaq dünya həyatından ibarət olduğunu deyir və öldükdən sonra yenidən dirildilməyəcəklərini güman edirlər. Uca Allah öz Peyğəmbərinə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onlara xəbərdarlıq etməyi əmr edir və bildirir ki, Qiyamət günü onları mütləq dirildib qəbirlərindən çıxardacaq və etdiklərini bir-bir onlara xatırladacaq. O gün insanların dirildilməsi və haqq-hesab olunması Allah üçün çox asan bir işdir.

8. Elə isə Allaha, Onun Elçisinə və nazil etdiyimiz Nura (Qurana) iman gətirin! Allah nə etdiklərinizdən xəbərdardır.
Sizə ölüm gəlməmişdən qabaq Allaha, Onun Elçisi Muhəmmədə və ona nazil etdiyimiz Nura, yəni Qurana iman gətirin! Quran hidayət nurudur. Uca Allah onun vasitəsilə iman gətirənləri küfrün zülmətindən xilas edərək hidayət nuruna qovuşdurur. Uca Allah insanların etdiyi böyük və kiçik olan bütün əməllərindən xəbərdardır.

9-10. O gün Allah sizi Toplanma gününə cəm edəcək. Həmin gün Qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar Cəhənnəm sakinləridir. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir!
Qiyamət qopduğu zaman bütün insanlar haqq-hesab olunmaq üçün dirildilərək bir yerə toplanılacaqlar. Uca Allah buyurur: "De: "Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da, bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar" (əl-Vaqiə, 49-50).
Məhz buna görə Qiyamətə Toplanma günü deyilir. Toplanma günü Qiyamətin adlarından biridir. Həmin gün Qarşılıqlı aldanma, yəni insanların alış-veriş edərək bir qisminin qazandığı, digərinin isə uduzduğu günüdür. Kafirlər imanı tərk edib onun müqabilində dünyanın keçici zövq-səfasını satın aldılar və buna görə də ziyana uğradılar. Möminlər isə haqqa tabe olduqlarına görə Cənnəti və üstəlik kafirlərin oradakı payına da sahib çıxdılar.
Uca Allah iman gətirib yaxşı işlər görməyi ən uğurlu ticarətə bənzədir. O buyurur: "Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər ki, Allah onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir" (Fatir, 29-30).
Qiyamət günü Allaha və Onun Elçisinə iman gətirib yaxşı işlər görənlərin günahları silinəcək, Allahın mərhəməti sayəsində onlar qəsrlərinin və ağaclarının altından çaylar axan Cənnət bağlarına daxil olacaq və orada əbədi səadətə qovuşacaqlar. Bu, ən böyük uğurdur. Allahın təkliyini inkar edən və Onun ayələrini yalan hesab edənlər isə Cəhənnəmə girəcək və orada əbədi qalacaqlar.

11. Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir.
İnsana gələn hər bir xoşagəlməz hadisə Allahın qəzavü qədəri ilə baş verir. Uca Allah buyurur: "Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır" (əl-Hədid, 22).
Uca Allah xəstəlik, qıtlıq, insan itkisi və digər müsibətlərin Onun təqdiri ilə baş verdiyinə inanan kimsənin qəlbini səbirə və razılığa yönəldər. Allah Elçisi demişdir: "Möminin işi qəribədir! Həqiqətən, onun bütün işləri xeyirdir. Bu, mömindən başqa bir kəsə məxsus deyildir. Ona sevindirici bir şey gəldikdə, şükür edər və bu onun üçün xeyir olar. Ona xoşagəlməz bir şey gəldikdə isə səbir edər və bu onun üçün xeyir olar". (Muslim, 2999).
Kainatda baş verə biləcək elə bir hadisə yoxdur ki, Allah onu əzəldən bilmiş olmasın. Çünki, Allah hər şeyi biləndir.      

12. Allaha və Onun Elçisinə itaət edin! Əgər üz çevirsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən yalnız açıq bir təbliğdir.
Allaha və Onun Elçisi Muhəmmədə itaət edərək Onun əmr və qadağalarına riayət edin! Əgər siz imandan və itaətdən imtina etsəniz, bunun günah yükünü ancaq siz daşıyacaqsınız. Çünki, Allah Elçisinin vəzifəsi yalnız dini açıq-aydın şəkildə təbliğ etmək, sizin öhdənizə düşən isə eşidib ona itaət etməkdir.   

13. Allah! Ondan başqa heç bir məbud yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər.
Uca Allah heç kəsə möhtac olmayan, tək və şəriksiz olan həqiqi tanrıdır. Elə isə iman gətirənlər yalnız Allaha ibadət edərək Ona təvəkkül etsinlər.

14-15. Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, günahlarından keçsəniz və bağışlasanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir. Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır. Böyük mükafat isə Allah yanındadır.
Ey Allaha və Onun Elçisi Muhəmmədə iman gətirənlər! Bəzi zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar var, yəni onlar bəzən sizi Allaha itaət etməkdən çəkindirirlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır" (əl-Munafiqun, 9).
Rəvayət edilir ki, bir nəfər ibn Abbasdan "Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınız­dan sizə düş­mən olanlar da vardır. Onlardan özünüzü qoruyun!.." ayəsi haqda soruşduqda, o dedi: "Onlar Məkkə əhlindən olan bir dəstə camaat idi. İslam dinini qə­bul etdikdən sonra Peyğəmbərin yanına (Mədinə şə­hə­­rinə) hicrət et­mək istədikdə zövcələri və övladları onları fikirlərindən döndərmişdi­lər. Sonra onlar Peyğəmbərin yanına hicrət et­dilər və səhabələrin dini biliklərə yiyələndiklərini gördülər. Onlar bu fəzilətdən məhrum olduqlarına görə zövcələrini və övladlarını cəzalandırmaq istədikdə, bu ayə nazil oldu: "Lakin onları əfv etsəniz, günahlarından keçsəniz və bağışlasanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir" (Sunən ət-Tirmizi, 3317).
Yəni, bu işdə onlara tabe olmayın. Lakin onların sizi itaətdən yayındırmalarını bağışlayıb günahlarından keçsəniz, bilin ki, Allah insanları əfv edənləri Bağışlayandır, onlara qarşı Rəhmlidir. Bilin ki, var-dövlətiniz və övladlarınız sizi sınamaq üçün verilmişdir. Allahın dərgahında olan mükafat sizin bu dünyada əldə etdiklərinizdən daha xeyirli və daha böyükdür.

16. Nə qədər bacarırsınızsa, Allahdan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin və malınızdan öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır.
Yəni, Allahın əmrlərini gücünüz çatdığı qədər yerinə yetirin, Onun qadağan etdiklərindən isə tamamilə çəkinin. Peyğəmbərin sizi Allahın itaətinə çağırdığına qulaq asıb tabe olun və malınızdan Allah yolunda xərcləyərək axirətdə daha xeyirli mükafat əldə edin. Əgər belə etsəniz, nəfsin tamahından və xəsislikdən təmizlənərək axirətdə nicat tapanlardan olarsınız. Sonra Uca Allah möminləri bir daha həvəsləndirərək buyurur:

17-18. Əgər Allaha gözəl bir borc versəniz, O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. Allah qeybi də, aşkarı da Biləndir, Qüdrətlidir, Müdrikdir.
Əgər Allaha gözəl bir borc versəniz, yəni malınızdan Allah yolunda xərcləsəniz, bunun əvəzində sizə axirətdə qat-qat artıq mükafat verilər və günahlarınız bağışlanar. Uca Allah yalnız Onun rizasını umaraq edilən xırda bir əməli belə mükafatsız qoymur və bəndəsinin asilik etməsinə baxmayaraq onu cəzalandırmağa tələsmir.
Qeyb dedikdə keçmiş, indiki və gələcəklə bağlı insan zəkasına gizli qalan hər bir şey nəzərdə tutulur. Uca Allah bunu yalnız Özünə aid edərək buyurur: "De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz" (ən-Nəml, 65).
Uca Allah gizlində və aşkarda olan hər şeyi bilir. O, hər şeyə qalib gələn və hər şeyi ədaləti ilə öz yerinə qoyandır.

Milli.Az