"Boşanma gününüzün 02.02.2022 və ya 22.02.2022-ci il tarixdə olması üçün sifariş qəbul olunur. Yerlər məhdud deyil, hər kəsi boşayacaq qədər yerimiz var".
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, vəkil Babək Həmidov öz sosial şəbəkə hesablarında belə bir status yazıb.
Onun bu paylaşımını təkcə instaqramda 1000 nəfərdən çox bəyənib, 400-ə yaxın rəy yazılıb. "Facebook"da isə 109 nəfərin bəyəndiyi bu fikri 202 nəfər gülüşlə qarşılayıb, cəmi 3 vətəndaş məyusluq keçirib.
Statusu oxuyub həvəsə düşənlər və "sırf tarixə düşmək naminə boşanmağa dəyər" deyənlər də olub. Statusa həmçinin "vallah məni yoldan çıxarırsınız","qardaş, bir-iki gün fərq eləsə həmin günə sənədləşdirmək olar?" , "sırf bu tarixdə boşanmaq üçün evlənmək istədim", "niyabətin başına düşsün" kimi şərh yazılıb.
Statusun müəllifi Babək Həmidov paylaşımı barədə "Xəzər Xəbər"ə danışıb. O qeyd edib ki, statusu zarafat məqsədilə yazıb.
Vəkilin sözlərinə görə, hüquqi olaraq belə bir elanın verilməsi qeyri-mümkündür: "Bunu bilmək kifayətdir ki, statusun bir zarafat olduğunu anlayasan".
Qeyd edək ki, Babək Həmidov Vəkillər Kollegiyasının üzvüdür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az