“Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq” - Traviata təqdim olundu - FOTO

17 Yanvar 2022 16:48

Son zamanlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilən hər bir tamaşa teatrsevərlər üçün əsl bayram ovqatı yaradır. Bu gün görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçirildi və sənətsevərlər dahi bəstəkarın musiqisinin sehrinə düşdülər.

Məşhur fransız yazıçısı Aleksandr Dümanın (oğul) "Kameliyalı qadın" əsərindən operaya uyğunlaşdırılan, Parisin elit təbəqəsinin tanınmış simalarından olan, ömrünün möhtəşəm saraylarda keçməsinə baxmayaraq, əsl sevgiyə həsrət qalan Violetta adlı dəbdəbəni sevən gənc qadının enişli yoxuşlu həyatından və Alfredlə nakam sevgilərindən bəhs edən üçpərdəli "Traviata" operasının tamaşası musiqi bayramı kimi yaddaşlarda qaldı və tamaşaçıların zövqünü oxşadı. 
   
Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsindən bəhs edən əsərin baş rollarında beynəlxalq səviyyəli opera müğənniləri, geniş diapazonlu səsi və əvəzolunmaz oyun tərzi ilə özünü tamaşaçılara sevdirməyi bacaran Əməkdar artist Ramil Qasımov (Alfred) və tamaşada bütün vokal imkanlarından bacarıqla istifadə edən, gözəl tembrli səsə malik Əməkdar artist İnarə Babayeva (Violetta) çıxış etdilər. Dahi Verdinin bütün əsərlərində kişi və qadın partiyalarının hər zaman vokal baxımından çətin sayılan geniş diapazonlu səslər olduğunu nəzərə alsaq, onların duetləri və ifaçılıq qabiliyyətləri çox xoşagələn və uğurlu alındı və dinləyicilərin zövqünü dərindən oxşamaqla onları heyran qoydu. 

Gecənin ulduzlarından olan Əməkdar artist İnarə Babayeva əsərin əvvəlindən axırına qədər, texniki və bədii cəhətdən son dərəcə çətin bir rol olan Violettanı qüsursuz adlandırıla biləcək mükəmməlliklə şərh etdi. Zəngin səsi ilə ən yüksək notlarda asanlıqla hərəkət edə bilməsi onun səsinə nə qədər hakim olduğunun göstəricisi idi. Səhnədə öz rolunu yaşamasıyla onun aktyorluq bacarıqları da diqqəti cəlb edirdi. 

Həmçinin, Azərbaycanı səhnəsinin Koroğlusu kimi tanınan Ramil Qasımov ilk dəfə debüt etdiyi Alfredo rolunda özünəməxsus və uğurlu ifası ilə seçildi. Səhnədə böyük ustalığı, belkanto ifaçılığı, texniki cəhətdən bacarığı, italyan dilində sözlərin səlist deyilişi və ifası ilə tamaşaçılar tərəfindən hərarətlə qarşılandı.

Dirijoru Xalq artisti Fəxrəddin Kərimov, xormeystri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olan tamaşada digər rollarda Xalq artisti Əli Əsgərov (Markiz), Tələt Hüseynov (Doktor D' Obinyi), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Tural Ağasıyev (Qaston) və solistlər Nina Makarova (Flora), Mahir Tağızadə (Baron Bufol), Səbinə Bağırova (Anina) kimi möhtəşəm ifaları ilə fərqlənən məşhur opera müğənniləri iştirak ediblər. 

Milli.Az