DİN Aqil Abbasın oğlunun töhmət alması xəbərini təkzib etdi - YENİLƏNİB

17 Yanvar 2022 13:45

13:45

Daxili İşlər Nazirliyi (DİN) deputat Aqil Abbasın oğlunun töhmət alması ilə bağlı yayılan məlumatı təkzib edib.

Nazirliyin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır:

"Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb.

Polis əməkdaşları barəsində hər hansı məlumatı yayarkən dəqiqləşdirmə aparılmasını tövsiyə edirik", - E.Hacıyev deyib.

----------

11:22

Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir. 

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, onlarda bu barədə məlumat yoxdur.

Qeyd edək ki, Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.

Milli.Az