Dindarlar Əlixanın filmini tənqid etdi, aktyor Hacı Şahinlə görüşdü - FOTO

16 Yanvar 2022 13:55

Gənc aktyor Əlixan Rəcəbovun "Sonuncu şam yeməyi" filmi müzakirələrə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, filmdə saxta mollalardan, o cümlədən dini xüfatlardan bəhs edilməsi inanclı şəxslər tərəfindən birmənalı qarşılanmayıb və ekran işinin İslama qarşı olduğunu bildiriblər. 

Gənc aktyor ona qarşı ittihamlara özünün feysbuk hesabında cavab verib:

"Arzulayıram ki, heç bir müəllif sonra öz filmini izah etməyə məcbur olmasın. Təəssüf ki, "Sonuncu şam yeməyi" filmimiz bir qism həmvətənlərimizin xətrinə dəyib. Onlar məni və filmdə olan başqa insanları dinə lağ etməkdə ittiham edirlər.

Əvvəla film din haqqında yox, xürafat haqqındadır, həm də insan ölümünün dəyərsizliyini göstərir və ya həyatının. Əslində, bizim ilkin məqsədimiz elə məhz bu idi. İnanclı insanların da görməkdən yorulduğu, lakin hər zaman dilə gətirilməyən, xürafatın, mövhumatın, saxtakarlığın din adı ilə təqdim olunmasını, hətta bizə sırınmasını tənqid etmək istəyirdik. 

O ki qaldı filmdə olan bəzi məqamlara, hamımızın bildiyi kimi, indi hazırda da qəbiristanlıqlarda kifayət qədər "Qurani-Kərim"i filmdə göstərilən personajdan da yanlış oxuyan "mollalar"var. Düşünürəm ki, az bir hissəmiz onlara gedib etirazımızı bildiririk. Yaradıcı adam olaraq mən də bu cür etirazımı bildirdim.

Biz filmdə yas prosesini bütövlüklə göstərməli olduğumuza görə şəriətin bizə buyurduğu adətləri də göstərməli idik. Bunu göstərməyimiz qəbul etməməyimizə dəlalət etmir. Ümumiyyətlə, məsələ şəriətin bizə buyurduqlarının hal-hazırda necə icra olunmasından gedir. Biz yalnış icra edənləri göstərib qınayırıq.

Başa düşürəm ki, etiraz edənlərin əksəriyyəti içki məclislərində iştirak etmədiyindən məsələdən bixəbər ola bilərlər. Ancaq izləyicilərin əksəriyyəti spirtli içkilərlə "Allah xoşbəxt eləsin", "Amin" və bu kimi cümlələrin həmin məclislərdə istifadə olunmasını və əlbəttə ki, bunun doğru olmadığını bilirlər. Yəni bu hal da zəmanəmizdə baş verən bir haldır, uydurma deyil.

Əsas məsələ odur ki, bizim problemimiz dinlə yox, dini ayinləri səhv icra edənlərlədir. Qüsuru onlarda axtarıb tapdıq. Hər dəfə başqa başqa sahələrdən çəkib göstərirdik, bu dəfə də bu haqda çəkdik. Ümumilikdə əlbəttə ki, hər kəsin inancına hörmətlə yanaşırıq. Hər zaman komandamızda müxtəlif inanclı insanlar olub. Lakin bu gördüyümüz işə heç bir təsir göstərməyib. Bütün yuxarıda yazılanlara baxmayaraq, əgər istəmədən hansısa dindar qardaş və bacıların heysiyyətinə toxunmuşuqsa, bundan təəssüf hissi keçirdiyimizi bildirir və bizi üzrlü hesab etmələrini xahiş edirik".

Əlixan məsələ ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli ilə də görüşdüyünü bildirib:

"Qeyd olunan məsələləri onunla da müzakirə etdik. O da din xadimi kimi bəzi iradlarını bildirdi və bu kimi məsələlərdə daha diqqətli olmağımızı tövsiyyə etdi. Əsil niyyətimiz nə olduğunu anladığını bildirdi. Hacıya da bizi qəbul etdiyinə görə təşəkkür etdik və gələcək işlərimizdə bu cür həssas mövzularda daha diqqətli olacağımızı bildirdik".

Milli.Az