"Bu, “yaşıl enerji” siyasətinin uğurlu başlanğıcıdır"

14 Yanvar 2022 17:06

Yanvarın 13-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu stansiya Azərbaycanın "yaşıl enerji"yə keçidində mühüm hadisədir və enerji təhlükəsizliyinin etibarlı təmin edilməsi istiqamətində mühüm addımdır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, əsası qoyulan külək elektrik stansiyası Azərbaycanda "yaşıl enerji" siyasətinin uğurlu başlanğıcıdır.

"Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlinin qoyulması çox mühüm iqtisadi hadisədir. Bu, neft-qaz sektorunda xarici şirkətlərlə imzalanmış irihəcmli enerji sazişlərindən sonra regionda sərmayə tutumuna və enerji istehsalı imkanlarına görə, ən böyük qeyri-neft sazişlərindən biri kimi qiymətləndirilə bilər. Bu, həm də Azərbaycanın bölgədə enerji siyasətinin şaxələndirilməsi ilə bağlı yürütdüyü enerji diplomatiyasının növbəti uğurudur", - deyə A.Hüseynov vurğulayıb.

O qeyd edib ki, bu stansiyanın fəaliyyəti sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək.

"Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq və bu da il ərzində 400 min ton karbon qazının atmosferə atılmasını azaldacağıq. Bununla da Azərbaycan özünün elektrik enerjisi ilə təminatının 30 faizini 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri hesabına təmin edəcək. Nəticədə ölkəmizin regionda güclü enerji resurslarına malik dövlət kimi mövqeyi daha da artacaq, eyni zamanda, atmosferə atılan çirkli tullantıların azalması sayəsində ekoloji tarazlıq güclənəcək, Azərbaycan "yaşıl enerji" strategiyasını həyata keçirən lider ölkələrdən birinə çevriləcəkdir", - deyə A.Hüseynov vurğulayıb.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

"Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə qəbul olunmuş Dövlət Proqramının icrası milli enerji təhlükəsizliyinin genişləndirilməsində alternativ və bərpa olunan enerji istehsalının artırılmasında mühüm rol oynayıb", - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Azər Badamov isə Trend-ə açıqlamasında vurğulayıb ki, dünyada iqlim dəyişikliklərinə qarşı mübarizə günü-gündən qloballaşır və dünya ictimaiyyətini narahat edən ən vacib məsələdir.

"Atmosferə atılan zərərli tullantıların həcminin artmasının azaldılması və "yaşıl enerji" ilə əvəz edilməsi dünya gündəliyinin prioritetidir. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, kömür və qazla işləyən eləktrik stansiyalarının "yaşıl enerji" mənbələri ilə əvəz edilməsi istiqamətində dünya ölkələri müəyyən planlar qurur. Məhz bu təşəbbüslərə qoşularaq Azərbaycanda 2030-cu ilə qədər istehsal ediləcək elektrik enerjisinin 30%-nin bərpaolunan enerji ilə əvəz edilməsi planlaşdırılır.

44 günlük Vətən müharibəsində 10 min kvadratkilometrdən çox ərazilərimiz işğaldan azad olunanda Prezident İlham Əliyev bu əraziləri "yaşıl enerji" zonası elan etmişdir. Məhz qısa zaman kəsiyində həmiz ərazilərdə ermənilər tərəfindən dağıdılmış su elektrik stansiyaları bərpa edilir və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji stansiyalarının yaradılması istiqmətində işlərin görülməsinə başlanmışdır. Təbii ki, "yaşıl enerji"nin payının enerji sektorunda artırılması istiqamətində atdığımız addımlar qlobal çağırışlara verdiyimiz töhfədir", - deyə A.Badamov vurğulayıb.

O qeyd edib ki, "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir.

"Bu layihənin icrası həm də Azərbaycan iqtisadiyyatına qoyulacaq 300 milyon dollar xarici investisiya olmaqla yanaşı, həm də 220 milyon kubmetr qaza qənaet və atmosferə atılacaq 400 min ton karbon qazının atmosferə atılmasını azaldacaqdır. "Xızı-Abşeron" Külək Elektrik Stansiyasında istehsal olunacaq elektrik enerji 300 min evin elektriklə təminatını həyata keçirəcəkdir. Beləliklə, qeyd etmək olar ki, Azərbaycanın enerji sektoruna 240 meqavat elektrik gücünün əlavə olunması elektrik ixracımızın artmasına öz töhfəsini verəcəkdir", - deyə deputat bildirib.

A.Badamov vurğulayıb ki, Azərbaycanın qonşu ölkələrlə elektrik nəqletmə xətləri mövcuddur: "Elektrik enerjisinin generasiya gücünün artması gələcəkdə ixrac xətlərimizin genişləndirilməsini də gündəliyə gətirəcəkdir. Çünki, işğaldan azad olunmuş ərazilərimizdə 10 min meqavat bərpaolunan elektrik enerjisi istehsal etmək mümkündür. Qeyd etdiyim kimi, işğaldan azad olunmuş ərazilərdə də bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində geniş işlər görülür. Həm də dənizdə bərpaolunan enerji stansiyalarının inşası istiqamətində işlərin aparıldığını nəzərə alsaq, Azərbaycan regionda elektrik enerjisinin ixracında böyük ixracatçıya çeviriləcəkdir. Bu da Azərbaycan iqtisadiyyatının daha da möhkəmlənməsinə və dinamik inkişafına öz töhfəsini verəcək".

Milli.Az