“Gizli məktublar yazır, iyrənc sözlər danışır”

14 Yanvar 2022 18:00

"Zəhər tuluğu" filminin müəllifi, aktyor Taleh Yüzbəyov sosial media hesabında ekran işinə kino sahəsindən olanların yanaşması ilə bağlı post paylaşıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi "Təəssüf postu" adlı yazısında bunları qeyd edib:

"Neçə müddətdən sonra keçən ili sonu "Zəhər tuluğu" filmimizi də böyük ekranlara çıxarda bildik. Şükür çıxan gündən səs-küyə səbəb oldu. İnsanlar filmə baxdılar, tərifləyənlər də oldu, müzakirə edənlər də, bəyənməyənlər də. Bu normaldır. Hamı hər şeyi bəyənməyə məcbur deyil. Biz nə çəkdiyimizi, necə çəkdiyimizi və niyə çəkdiyimizi bilirdik. Filmimiz artıq neçə həftədir ki, Azərbaycanda kinoteatrlarda ən çox baxılan filmdir. Əlbəttə, bu məni çox sevindirir. Filmdən çıxan insanlar mənə xoş sözlər yazırlar. Bu, məni lap çox sevindirir. IMDb reytinqimiz 9,4-dür - hardasa iki minə yaxın səslə. Gördüyün işin bəhrəsini görmək çox xoş hissdir. Xoş olmayan isə sənlə eyni sahədə olan, sənə üzdə dost görünən insanların gizli və ya yarı-gizli aqressiyalarıdır. Biri üstüörtülü status yazıb, bizim filmi və filmimizə gələn tamaşaçını aşağılayır ki, niyə onların filminə getmirlər, biri piktoqrafik status paylaşıb, öz aləmində söz soxur, biri haralarasa gizli məktublar yazır, biri orda-burda dalımızca iyrənc-iyrənc sözlər danışır. Bax sizi başa düşə bilmirəm. Tamaşaçı bəyənməyib status yaza bilər. Bu onun haqqıdır. Siz də bəyənməyə bilərsiniz. Bu sizin də haqqınızdır. Amma belə yarı-yapalaq nifrət püskürmək sizin işiniz deyil. Siz daha yaxşı olmağınızı sözlə yox, işinizlə bildirməlisiniz. Daha yaxşı filmlər çəkin, deyin bax film belə çəkilməlidir. Sevinməyən köpəyoğludur. Təki iş görün, belə aşağı hərəkətlər yox.

Biz bu filmi dövlət hesabına çəkməmişik. Büdcə vətəndaş vergisindən formalaşmayıb. Özümüzün pulları və sponsorların hesabına yaranıb bu film. Heç kəsə də zorla bilet satmırıq. İnsanlar öz xoşları ilə pullarını verib, filmə baxırlar. Heç kəsi də məcbur etmirik ki, bizə xoş sözlər yazın. Vallah özləri yazırlar. Çünki həyatda elə şeylər var ki, onları pulla, nifrətlə, paxıllıqla almaq olmur. Bu sevgidir. Tamaşaçı sevgisi. Sizə də həmin sevgidən arzulayıram.

P.S: "Atları yəhərləyin" filmində bir səhnə var. Qaçaq Nəbini tuturlar, qoluna qandal vuranda, onu həbs edən adam atdan düşür və deyir ki, haqlısan, Nəbi! Düşmən də olsaq, haqlısan! Kişinin də qoluna qandalı gərək kişi vursun!".

Qeyd edək ki, "Zəhər tuluğu" ilə eyni zamanda kinoteatrlarda nümayiş etdirilən "Nazik mətləb" filminin baş qəhramanı, Əməkdar artist Gülzar Qurbanova iki həftə öncə tamaşaçılara təşəkkür paylaşımında "Ağlamalı komediyalar, vayner, tiktokerlərin kinozallardan tüğyan elədiyi zamanda Mir Cəlalın əsəri qismində klassik ədəbiyyatımıza və kino ənənələrimizə göstərilən diqqət və sevgi üçün zövqlü tamaşaçılara təşəkkürlər" sözlərini qeyd etmişdi. Onun bu paylaşımı Taleh Yüzbəyov və komandasına söz atır kimi qiymətləndirilmişdi.

Aktyor Faiq Mirzəyev isə "Zəhər tuluğu" ilə bağlı paylaşımı nəzərdə tutaraq "Bütün kinoteatrlarda izlənilən nömrə bir film nə deməkdir ki" paylaşımını etmişdi.

Milli.Az