Rusiya Bakının cavabından NARAHAT OLDU - Sülhməramlıların ömrü BİTİR

14 Yanvar 2022 12:44

Rusiya mövzusu xüsusən son zamanlar MDB məkanında həssas mövzulardan birinə çevrilib. Bundan yararlanmaq istəyən qüvvələrdən biri də Vətən müharibəsində olduğu kimi yenə İrəvan gözəçarpan, ən aktiv tərəfdir. Qazaxıstandakı xoşagəlməz hadisələrdən yararlanaraq KTMT qoşunlarını Qarabağa gətirib çıxarmaq istəyən Paşinyanın bu arzusu da növbəti dəfə ürəyində qaldı. Dünəndən etibarən Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına məxsus qoşunların, desant dəstələrin gəlişləri kimi gedişlərinə start verilməsi gözlənilməz və təəccüblü oldu.

Qazaxıstan hökümətinin proseslərin ilk günlərindən fərqli olaraq son 2-3 gün ərzində göstərdiyi dirəniş Rusiyanı belə bir qərar qəbul etməsi ilə nəticələndi. Təbii ki, burada Tokayevə Türk Dövlətləri Təşkilatı məsələsi də xüsusi təsir etdi. O, anladı ki, Rusiyaya etibar etmək tək Qazaxıstanın müstəqilliyinin itirilməsi ilə yox, eyni zamanda TDT-nin də nüfuzuna və gələcək fəaliyyətinə ciddi zərbə ola bilər. Çünki KTMT qüvvələrinin Qazaxıstana daxil olduğu ilk dəqiqələrdən sanki öncədən planlaşdırılmış, təşkilatlanmış formada Dumanın millət vəkilləri, bir çox rus siyasi şərhçilər və KİV-lər Qazaxıstanın süni bir dövlət olduğu, o ərazilərin əslində Rusiyaya məxsus olduğu ilə bağlı bəyanatlar, təbliğat prosesinə start verdilər ki, bu məsələdə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin də iştirakını gördük. Tokayev də məhz bu cür bəyanatların ölkəsi üçün yaxşı nəticələnməyəcəyini hiss edərək, KTMT qoşunlarının ölkədən tez bir zamanda çıxması üçün təzyiqlərini artırdı. 

Təşkilatın qoşunlarının Qazaxıstanı dünəndən etibarən 10 gün ərzində tərk etməyə başlamasının başqa bir səbəbi də var. Əlbəttə ki, Rusiya siyasi elitası KTMT adı altında qoşunlarını Qazaxıstanda saxlamaq istərdi, amma bunun üçün Rusiyanın beynəlxalq təzyiqlər qarşısında davam gətirmək imkanı olmalıdır ki, bu da indiki halda mümkünsüz görünür. Rusiya çətiri altında hərəkət edən KTMT qoşunlarının orada qalması Ukrayna məsələsində Rusiyaya təzyiq göstərən Qərb ölkələri, xüsusilə də ABŞ və NATO üçün əla fürsət yarada bilər ki, bunu da Kremil administrasiyası gözardı edə bilməzdi. 

Təşkilata məxsus sülhməramlı qüvvələrin Qazaxıstanı tərk etməsi məsələsi Azərbaycanın gündəminə çox yaxın bir məsələdir. Belə ki, eyni mərkəzdən idarə edildiklərini, hər ikisinin imperialist ideyalarına xidmət etdiyini, Kremlin sifarişinə uyğun fəaliyyət göstərdiyini nəzərə alsaq əslində Qarabağdakı Rusiya sülhməramlı qüvvələri ilə Qazaxıstandakı sülhməramlı kontingentin elə bir ciddi fərqi yoxdur. Rusiya müdafiə naziri Şoyqunun istədikləri vaxt Sülhməramlıların Qazaxıstanı tərk edəcəklərini deməsində baxmayaraq, dünəndən etibarən kontingentinin ölkədən daşınmağa başlaması Rusiyanın bu müdaxilədən qazanmadığını göstərir. Və Qarabağdakı sülhməramlı kontingentin Azərbaycan torpaqlarından çıxması üçün də çox yaxşı bir nümunə oldu. Bunu rəsmi Bakı da artıq yaxşı hiss edir ki, kontingentin Qarabağda çox qalmasına nə ehtiyac var, nə də lüzum.  

İki gün əvvəl Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı sülhməramlıların fəaliyyətinə xüsusi diqqət ayırması və onların gördüyü "iş"lərlə bağlı dedikləri, Rusiya qoşunlarının müvəqqəti səlahiyyət zonalarındakı mövcudluqlarının 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulduğu kimi 5 illik müddətdən sonra yenidən burada qalmalarının mümkünsüz olacağına eyham vurdu. 

Dövlət başçısının sülhməramlıların Qarabağda olmasını və onların fəaliyyətini ümumi olaraq müsbət qiymətləndirməsi başadüşüləndir. O, bir xalqın, bir dövlətin gələcək taleyini, onun sonrakı planlarını, işlərini müəyyənləşdirən siyasətçi olduğu üçün bu mövzuya lazım olduğu qədər həssas yanaşır. Amma məsələ bununla bitmir, dövlət başçısı nazik toxunuşlarla əslində sülhməramlıların Qarabağdakı fəaliyyətinin hansı yerdə olduğunu, ümumi durumun rəsmi Bakı üçün qənaətbəxş olub-olmadığı ilə bağlı lazımı qüvvələrə mesajlarını çatdırmış oldu. 

İlham Əliyev son müsahibəsində Rusiya müdafiə nazirliyinə anlatdı ki, Azərbaycan kontingentin müvəqqəti səlahiyyət zonasında ən xırda proseslərdən belə xəbərdardır, oradakı bütün fəaliyyəti ən kiçik detallarına qədər izləmək imkanına malikdir və izləyir. Dövlət başçısı bu çıxışı ilə bəyan etdi ki, Laçın dəhlizindən keçməklə Xankəndinə daxil olan avtomobillərin 91%-i sülhməramlı kontingent tərəfindən yoxlanılmadan buraxılır. Halbu ki, o avtomobildə silah-sursat da daşına bilər, terrorçular da. Bu o deməkdir ki, sülhməramlılar orada qaydaları tənzimləmək, üçtərəfli bəyanatın müddəlarına ciddi riayət etmək, ona əməl edilməsi üçün lazımı tədbirlər görmək əvəzinə Qarabağda yalnız ermənilərin təhlükəsizliyini qorumaqla, onları mühafizə etməklə məşğuldurlar. Və əsas da ermənilərin Xankəndinə gıişini, qayıdışını asanlaşdırmaq üçün onlardan hər hansı bir tələb, istək yoxdur. Beləcə, himayələrində saxladıqları ermənilərin isə özbaşınalıqlarına göz yummaq məcburiyyətində qalırlar, bacardıqları qədər çalışırlar ki, ermənilər Xankəndini tərk etməsinlər. 

Bu məqamı dövlət başçısı özü də çıxışında xüsusilə qeyd etdi: "Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil". 

Bəli, sülhməramlılara verilən tapşırıq bundan ibarətdir. Göründüyü kimi, Qarabağdan çıxan erməni avtomobillərinin təxminən yarısı yoxlanılır. Onlar ermənilərin Qarabağı tərk etməmələri üçün daha ciddi şəkildə fəaliyyət göstərirlər. Amma əslində prosedur başqa cür olmalıdır. Girişdə daha sərt nəzarət olmalıdır, çıxış ermənilərin Ermənistana çıxışı olduğu üçün yoxlanma proseduru daha mülayim, güzəştli olmalıdır. Bəs kontingent qüvvələri tərəfindən niyə əksini müşahidə edirik?

Çünki Qarabağda erməni əhalinin sürətlə azalması, demoqrafik vəziyyətin belə dəyişməsi sülhməramlıların bölgəni tərk etməsi, həmin ərazilərdən çıxması deməkdir ki, görünür Rusiya bunu istəmir. Əgər Rusiyanın Qarabağla bağlı hər hansı bir istəyi, planı yoxdursa, bu, Kremlin nəyinə lazımdır? Demək ki, Rusiyanın gələcəkdə bu ərazilərlə bağlı müəyyən istəkləri mövcuddur. Əlbəttə, biz çox yaxşı bilirik ki, sülhməramlıların müvəqqəti fəaliyyət zonası olan ərazilərdə müxtəlif yaşayış və iaşə obyektləri, çoxmənzilli binalar inşa etdirmələri, humanitar yardımları da məhz bu məqsədə xidmət edir.

Çox güman ki, Qarabağın dağlıq hissəsi ilə bağlı Rusiyanın istəyi Avrasiya İttifaqı ilə bağlıdir. Xüsusən də son hadisələrə nəzər salsaq demək olar ki, bu istək bilavasitə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə də bağlıdır ki, gələcəkdə hər hansı bir provakasiya nəticəsində Qazaxıstanda olduğu kimi hətta Azərbaycanın daxili siyasətinə, daxilindəki proseslərə də müdaxilə imkanı əldə etsin və beləcə Azərbaycanı dolayısı ilə özündən asılı vəziyyətə salmaq üçün mühim imkan əldə etsin. 

Lakin Azərbaycan Prezidentinin son mesajları görünür artıq Rusiyaya ciddi hayan oldu. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkov ilk səfərini bu postda sələflərindən (Rüstəm Muradov, Mixail Kosobokov, Gennadi Anaşkin) fərqli olaraq məhz Bakıya etdi (Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdü - red), lakin bu səfərdən iki gün keçsə də Volkov hələ də İrəvana səfər edib anoloji görüşü orada keçirməyib. Volkovun təyinatından iki gün keçməsinə baxmayaraq, onun Ermənistana səfəri və bu ölkənin müdafiə naziri ilə görüşü haqda ortada heç bir məlumat olmadığı kimi, onun Ermənistana səfər edəcəyi, yaxud bu ölkənin rəsmiləri ilə görüşünün nəzərdə tutulduğuna dair hələ də heç bir xəbər rast gəlinməyib.

Bəlkə də rəsmi Moskva bunu Azərbaycanın son açıqlamalarına adekvat addım olaraq atmaqla rəsmi Bakıya "Rusiya Qarabağı Azərbaycanın daxili məsələsi kimi qəbul edir, Qarabağ məsələsində ən vacib və əsas tərəf kimi Azərbaycanı görürük" cavabını verməyə çalışır. Bunu sülhməramlıların Qarabağı tərk etməsi üçün ilk addım kimi də qiymətləndirmək olar. Əgər Rusiya İlham Əlyevin mesajlarını alıbsa, verdiyi reaksiya bu idduaları biraz da gücləndirir. Moskva bu "təhlükə"ni hiss etməyə başladığı üçün Cənubi Qafqazda mövqeyini zəiflətməmək məqsədilə çox güman ki, Bakya növbəti jesti ilə diqqət mərkəzinə düşə bilər. 

İstənilən halda Azərbaycanın mövqeyi ölkənin birinci adamının dilindən bir daha səsləndirildi. Əslində dövlət başçısının bu bəyanatları Qazaxıstandakı hadisələrdən sonra ürəklənən Paşinyanın və revanşist qüvvələrin KTMT qoşunlarını Qarabağda görmək arzusunun üstündən xətt çəkdi. Bununla da Azərbaycan Prezidenti növbəti sərt xəbərdarlıqla Ermənistanı boş-boş xəyalların peşindən getməməyə çağırdı. Heç şübhəsiz ki, rəsmi Bakı növbəti təxribatlar zamanı lokal əməliyyat tapşırığını istisna etməyəcək ki, bu da Paşinyanın Ermənistan daxilində növbəti nüfuz deklarasiyası məsələsini gündəmə gətirə bilər. 

Təhməz Əsədov
Milli.Az