“Baxırsan ki, ağzı gəlib çatır qulağının dibinə...”

14 Yanvar 2022 14:46

"2 ildir ki, heç bir verilişə qatılmıram, efirlərə getmirəm. Sağ olsunlar sayıb dəvət edirlər, amma xəstəliyə görə getmirəm, qorunuram. Çalışıram ki, evə də qonaq qəbul etməyim. Özümü təcrid etmişəm. Əlbəttə ki, insanlar üçün, dost-tanış, tədbirlər üçün darıxıram. Amma yaradıcılıqdan uzaq düşməmişəm, kitab yazıram, sazımı çalıram, gözəl nömrələr hazırlayıram"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a Əməkdar Mədəniyyət İşçisi aşıq Ulduz Sönməz deyib. O daha sonra əlavə edib.

"Heç vaxt mənim üçün bu sənətdə qadın-kişi olmayıb. Sənəti yaşadırsansa sənətkarsan. Respublikada ilk olaraq aşıq sənətindən mən sinif açmışam, onun tədris proqramını yazmışam. 30 il olacaq ki, kollecdə aşıq sənətini tədris edirəm. Respublikada Qənbər Hüseynlidən sonra "Sazçı qızlar"-ı yaradan mən olmuşam. Tələbələrim də bölgələrdə, rayonlarda, Bakının müxtəlif yerlərində dərs deyirlər. "Aşıq Pəri" məclisi Hüseyn Arifin təşkilatçılığı ilə, Aşıqların 4-cü qurultayında, 1984-cü ildə yarandı. Bu məclisin ilk yaradıcı üzvlərindən də biri mənəm. Əvvəl Əzizə Cəfərzadə, daha sonra isə Narınc xatun bu məclisə rəhbərlik etdi. Narınc xatundan sonra mən "Aşıq Pəri"-dən uzaq düşdüm. Sənət aləmində, sənətçidə gərək səhnə mədəniyyəti birinci olsun. Əgər bu olmasa o sevilə bilməz. Məclis də həmin məclis deyildi, Pəri məclisinin dadı-ləzzəti Narınc xatunla getdi. Bu gün də "Aşıq Pəri" məclisinə heç bir kanal dəstək durub, vaxt vermir, hara gedirsən deyir ki, pul ver, çıxış et" deyə o bildirib.

O, daha sonra illərdir eyni imicdə qalmasının səbəbini açıqlayıb.

"Uzun illərdir qəribə bir vərdişim var. Saçımı toplasam, hansısa saç düzümü etsəm oxuya bilmirəm. Uzun, açıq şəkildə saç elə bil mənə ruh verir. Həm də saza yaraşır. İndi saçını kəsdirənlər gedib ona calaq edir, amma bizdə təbiidir. Mən hər şeydə təbiiliyə üstünlük verirəm. İndi təbii adam tapmaq müşkül məsələyə çevrilib, baxırsan ki, ağzı gəlib çatır qulağının dibinə. O qədər əməliyyat edirlər ki, gözləri az qalır yerindən çıxsın" deyə o bildirib.

Aşıq Ulduz Sönməz aşıq sənətinə ləkə gətirənlərdən də danışıb.

"Biri var aşıq ifaçısı, biri də var saz çalan. Bu gün bəzi aşıq ifaçıları bu sənəti layiqincə təmsil etmirlər. Nə danışıqlarını bilirlər, nə də ki, özlərini apara bilirlər. Aşıq hər şeydən öncə gərək sazına, daha sonra isə özünə hörmət etsin. Heç kimin ixtiyarı yoxdur ki, dədə-babadan bizlərə yadigar qalan bu sənəti hörmətsiz etsin" deyə o bildirib.

Milli.Az