Azyaşlını döyən tərbiyəçi işdən çıxarıldı - VİDEO - FOTO

14 Yanvar 2022 10:44

10:44

Oxu.az-ın əldə etdiyi məlumata görə, şiddət görən uşaq həmin "tərbiyəçi"nin qohumudur. Hadisə 3 gün əvvəl baş verib və həmin şəxsə töhmət verilib. Bu gün səhər saatlarında onun işdən çıxarılması ilə bağlı qərar verilib.

10:12

Sosial şəbəkələrdə bağçada azyaşlının müəllim tərəfindən döyülməsi ilə bağlı yayılan videogörüntünün harada çəkildiyi məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu videonun İsmayıllı şəhərinin Aşağıbaş adlanan ərazisində yerləşən 1 saylı uşaq bağçasında çəkildiyi açıqlanıb.

Videoda bağçanın müəllimi Zülfiyyə Baxışovanın azyaşlının başına qapaz vurduğu görünür. Məsələ ilə bağlı İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları həmin bağçaya gedib, müəllimin izahatı alınıb.

Qeyd edək ki, uşağı döyən müəllim Zülfiyə Baxışovanın uşağın anasının xalası olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

-------

08:03

Sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər böyük rezonans doğurub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, xoşagəlməz hadisə bu həftə İsmayıllı rayonu 1 saylı körpələr evi-uşaq bağçasında baş verib.

Sözügedən bağçanın müdiri Abdullayeva Qalibə Əli qızıdır. O, 1989-cu ildən hadisənin baş verdiyi uşağ bağçasına rəhbərlik edir.

Tərbiyəçinin azyaşlının başına zərbə endirməsinə gəlincə, bu, qadının uşağın şəklini çəkdiyi an baş verib. Belə ki, tərbiyəçi göstəriş üçün şəkil çəkmək məqsədilə azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Uşaq da buna əməl etməyincə, tərbiyəçi onun başına zərbə endirib.

Maraqlıdır ki, uşağ bağçasının sosial şəbəkə hesablarında uşaqların ağzında yemək ikən çəkilmiş fotoları kifayət qədərdir. Azyaşlının döyülməsini əks etdirən görüntünün yayılmasından sonra, digər uşaqların da şəkillərinin çəkilməsi zamanı zorakılığa əl atılıb-atılmaması sual yaradır.

Qeyd edək ki, hadisə ilə bağlı həm Təhsil Nazirliyi, həm də Daxili İşlər Nazirliyi araşdırma başladıb.

Milli.Az