Bakı və İrəvandan İstanbula bilet qiymətindəki kəskin fərqlə bağlı AZAL-dan açıqlama

13 Yanvar 2022 18:28

AZAL aviaşirkəti Bakı-İstanbul və Yerevan-İstanbul reyslərinə biletlər arasındakı fərqi şərh edib.

Aviaşirkət bununla bağlı bəyanat yayıb.

"Sosial şəbəkələrdə Bakı və Yerevandan İstanbula yerinə yetirilən reyslərə aviabiletlər arasında böyük fərqin olduğu haqqında məlumatlar yayılır. Xüsusilə, 2 fevral tarixinə olan qiymətlərə istinad edilir. Məlum olduğu kimi, aviaşirkətlərdə sərt tariflər yoxdur - aviabiletlərin qiymətləri aviaşirkətlər tərəfindən daimi təsbit edilmir. Bu qiymətlər tələbat və təklifdən, təyyarədə yerlərin dolmasından, alış tarixindən, bayram və məzuniyyət dövründə tələbatın artması ilə əlaqədar mövsümi dəyişikliklərdən asılı olaraq müəyyən edilir.

Dünya təcrübəsinə əsasən, aviabileti mümkün minimal qiymətə əldə etmək üçün sərnişin onu qabaqcadan almalıdır, belə ki, hər reysdə aviabiletlərin sayı çox məhduddur.

Bu səbəbdən əgər aviaşirkət biletləri yeni satışa çıxarırsa, təbii ki, bu biletlərin qiyməti həmin istiqamətdə biletləri çoxdan satan aviaşirkətlərin qiymətindən aşağı olacaq.
Bundan başqa, Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan "Buta Airways" aviaşirkətinin bütün istiqamətlərdə minimal tarifi, koronavirus pandemiyasına qədər olduğu kimi, 29 avroya azaldılacaq. Bu günlərdə bu barədə rəsmi məlumat veriləcəkdir", - AZAL-dan bildiriblər.

Milli.Az