Su altında qalan yaşayış massivi - Ərazidə niyə kanalizasiya sistemi yoxdur? - VİDEO

13 Yanvar 2022 15:48

Bu ərazinin sakinləri rezin çəkməkələr olmadan evdən çıxa bilmirlər. Səbəb isə yaşayış massivinin qurunt və yağış suları altında qalmasıdır. Sabunçu rayonu Savalan yaşayış massivinin sakinləri iddia edirlər ki, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, həll olunmayıb.

Bu görüntülər hər hansı bir su hövzəsindən deyil. Sabunçu rayonu Savalan yaşayış massivindəndir.

Ərazidə yaşayan sakinlər sözün əsl mənasında çarəsiz qalıblar. Onların ümidi qayıqlara qalıb ki, istər küçələrdə, istər öz həyətlərində rahat hərəkət edə bilsinlər. İndi isə müvəqqəti olaraq rezin çəkmələrdən istifadə etsələr də, bu da onları yolun yarısında saxlayır. Sakinlər iddia edir ki, yağış yağsa ərazidəki bütün evlər suda batacaq.

Yağış və qurunt sularının ərazidə bu qədər yığılıb lillənməsinin səbəbi kanalizasiya sisteminin olmamasıdır ki, sakinlərin də istəyi, ərazidə kanalizasiya sistemlərinin çəkilməsidir.

Sakinlərin iddia etdiyi kimi, qışda gəlib, yayda gedən bu problemin həlli üçün biz də Sabunçu rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun rəsmisi Müslüm  Mahmudov şifahi olaraq bildirdi ki, sözügedən ərazidə yaşayan sakinlər bir neçə gün əvvəl icra başçısının qəbulunda olublar. Əslində onlar orada qanunsuz şəkildə məskunlaşıblar. Orada tikilən evlərin heç birinin qanuni sənədi yoxdur. Lakin buna baxmayaraq sakinlərin problemini həll etmək məqsədi ilə Azərsu ilə əlaqə saxladıq, dedilər ki, bir neçə günə gəlib əraziyə baxış keçirəcəklər. Aidiyyatı qurumların vədlərinddən belə nəticəyə gəlmək olar ki, sakinlərin problemləri yaxın zamanlarda öz həllini tapacaq.

Milli.Az xəzərxəbərin hazırladığı sujeti təqdim edir:

Milli.Az