Ölkə başçısı: Özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq

12 Yanvar 2022 20:38

Son 15 ildə meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni, çox böyük rəqəmdir. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, biz son beş il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq", - deyən dövlətimizin başçısı bildirib ki, bu gün özümüzü mal əti ilə təqribən 90 faiz səviyyəsində təmin edirik, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və bizdə ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə cins mal-qaranın alınmasına böyük vəsait xərcləndi və bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır.

Prezident qeyd edib ki, son illər ərzində gətirilən və Azərbaycanda müəyyən tədbirlər nəticəsində yetişdirilmiş cins mal-qaranın sayı bir neçə ildən sonra artacaq. Bu tədbirlər nəticəsində süd və süd məhsullarının istehsalında biz 80 faizə çıxa bilmişik. Həmçinin toyuq əti istehsalında da 80 faizə çıxa bilmişik. Yəni heç vaxt tarixdə - sovet dövründə və müstəqillik dövründə bu rəqəmlərə biz çıxmamışıq. Amma yenə də özümüzü hələ ki, təmin edə bilmirik.

Milli.Az