Ərəb ölkələrində COVID-19-a yoluxanların sayı kəskin artıb

12 Yanvar 2022 21:54

Son sutka ərzində ərəb ölkələrində COVID-19-a yoluxanların sayı kəskin artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ən gərgin vəziyyət əhalisinin sayı cəmi 4 milyon olan Küveytdədir. Belə ki, bu ölkədə son 24 saat ərzində 4397 yoluxma qeydə alınıb. Azərbaycanın Küveytdəki səfirliyi soydaşlarımıza bununla əlaqədar müraciət edib, onları yerli hökumətin qoyduğu qaydalara əməl etməyə, lazım olduqda diplomatik nümayəndəliyimizin "qaynar xətt"inə zəng vurmağa çağırıb.

Səudiyyə Ərəbistanında da yoluxma halları getdikcə artır. Krallığın Səhiyyə Nazirliyinin məlumatında son sutkada 5362 nəfərin COVID-19-a yoluxduğu, iki pasiyentin isə vəfat etdiyi bildirilir. Səudiyyə Ərəbistanı hökuməti əhaliyə üçüncü doza vaksin vurulması üçün geniş tədbirlər görür. Bu məqsədlə büdcədən əlavə vəsaitin ayrıldığı bildirilir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) son sutkada 2511 yoluxma, 3 ölüm faktı qeydə alınıb. Mötəbər beynəlxalq tədbirlərin, o cümlədən "EXPO 2020 Dubai" sərgisinin keçirildiyi Dubay şəhərində pandemiyaya qarşı nəzarət tədbirləri daha da artırılıb. Bundan başqa, BƏƏ hökuməti sosial şəbəkələrdə COVID-19-la bağlı feyk xəbərlər və şayiələr yayanlara qarşı 5500 dollar məbləğində cərimə tətbiq ediləcəyi barədə qərar qəbul edib.

Misirdə son sutkada yoluxma halları nisbətən az olsa da (932 nəfər), vəfat edənlərin sayı yüksəkdir (19 nəfər). Bu ölkədə COVID-19-dan həyatını itirənlərin sayı Şimali Afrika və digər ərəb ölkələri ilə müqayisədə daha çoxdur. Belə ki, pandemiya dövründə Misirdə 22 mindən çox insan COVID-19-dan vəfat edib.

Milli.Az