"Şagirdi döymək olmaz, ancaq müəllimi də..." - Millət vəkili

15 Yanvar 2022 21:57

Müzakirə aparmaq ən vacib şərtdir. Əksinə, problemləri gizlətmək sonradan daha ağır nəticələrə yol açır. Əlahəzrət hüquq deyir ki, birmənalı şəkildə şagirdi döymək olmaz. Ancaq eyni zamanda müəllimi də əsəbləşdirib bezdirmək, təhsildən iyrəndirmək, öldürmək olmaz. Müəllim bu cəmiyyətin ən böyük dəyəridir. Ən aşağı səviyyəli müəllim belə, faydalı olan nəyisə insana öyrədirsə, demək bu, başqa peşə sahiblərindən fərqli insandır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Partiya sədrinə görə, insanın beynini sağaldan müəllim, eləcə də canını sağaldan həkim xüsusi kateqoriyadan olan insanlardır: "Elə buradaca bir suala da cavab verək; bəs müəllimi şagirdlərin qarşısında dəyərsizləşdirəndə nə baş verir? Şəxsən mən müəllimdən xahiş edirəm ki, övladımı ərköyünləşdirmə, ona qarşı ən sərt qaydada tələbkar ol. Tələbkarlığın ən axmaq yolu uşağı döyməkdir, ağıllı müəllim niyə bunu etsin ki? Ötənlərdə bir məclisdə təsadüfən tanış olduğum dəyərli bir xanım direktorla söhbətləşdim, inanın ki, neçə gündür onun kədərli sözlərini unuda bilmirəm. İllər boyu minlərlə uşağa vicdanla təlim-tərbiyəyə vermiş bu müəllimi bilirsiniz vəzifəsindən necə uzaqlaşdırıblar? 70 yaşının tamam olmasına bir ay qalmış mədəni məcburiyyət üsulu ilə işdən çıxmaq barədə ərizəsini alıblar. Bir fədakar direktorun 70 yaşını qeyd edib gül-çiçəklə yola salınmadığı mühitdə müəllimin dəyərini qaldırmaq əsla mümkün deyildir".

Millət vəkili hesab edir ki, zorakılıq düşüncə həyatının çöküşü ilə, dialoq mühitinin yoxluğu ilə bağlı təzahürdür: "Bu halda insanın özünü ifadəsi üçün zorakılıq, dözümsüzlük daha çox qabarmış olur. Siz müəllimə yüksək maaş və layiq olduğu dəyəri verin, inanın ki, o, hər bir şagirdin sevgisini qazanmaq üçün anadan, atadan da artıq məsuliyyətlə səy göstərəcək. Heç bir müəllim keyfindən repititorluq etmir. O da hamı kimi ailəsinin yanında dərsdən sonra normal istirahəti arzulayır. Yoxsuldursa, imkanı çox aşağıdırsa, öz sosial qayğılarını məktəbə daşımalı olursa, gülərüz və qayğıkeş müəllimi ancaq robotdan hazırlaya bilərsiniz".

Milli.Az