"Oturacağında şaquli vəziyyətdə armatur olan stul hazırlatmışdı" – “NKVD” tarixinin ən qəddar cəlladı haqda bilmədiklərimiz

13 Yanvar 2022 01:22

1937-ci ildə "NKVD"-nin başçısı Nikolay Yejov onu iş müraciəti ilə bağlı qəbul edəndə, 20 dəqiqəlik görüşlərinin sonunda fikirlərini belə ifadə edib:

"Mən sizə güvənirəm, məntiqiniz, ciddi xarakteriniz, intellektiniz "NKVD" orqanlarının işinə mücbət təsir göstərəcək..."

Amma Yejov ağlına belə gətiməyib ki, iki-üç ildən sonra indi işə qəbul etdiyi Boris Rodos ona qarşı ən ağır işgəncələr tətbiq edəcək.

Milli.Az sfera.az-a istinadən "NKVD" tarixində ən cəllad simalarından biri olan Boris Rodos haqda yazını təqdim edir.

O, "NKVD"-də işgüzarlığı, çevikliyi, amansızlığı ilə yanaşı, həm də Beriyanın "sağ əli" kimi tanınıb. Hətta Beriya öz şəxsi qisas tapşırıqlarını da Rodosa həvalə edib. Bütün "iş"ləri yüksək səviyyədə icra edən Rodos bunun qarşılığında yeni vəzifələr, yeni mükafatlar alıb.

Boris Rodos 1905-ci ildə Melitopolda (Ukrayna) anadan olub. İbtidai təhsil aldıqdan sonra meyvə-tərəvəz mağazasında fəhlə işləyib, daha sonra xırda alverlə məşğul olan Rodos elə öz böyüdüyü şəhərdə siqaret ticarətinə girişib. SSRİ yarandıqdan sonra qanunsuz ticarətə qarşı mübarizə gücləndiriləndə, o, böyük çevikliklə fəaliyyət istiqamətini dəyişdirərək Melitopol şəhər istehlak birliyində nəzarətçi vəzifəsinə işə düzəlib. Eyni zamanda həmin qurumun komsomol təşkilatının katibi seçilib, qiyabi yolla təhsil alıb. Daha sonra o, komsomolun göndərişi ilə "QPU"-da xidmətə qəbul olunub. Bəzi mənbələrə görə hələ gənclik illərindən Rodos xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Elə bu əməkdaşlıq da sonralar onu "NKVD" sıralarına gətirib.

1937-ci ildə işə qəbulla bağlı Yejovun onu şəxsən qəbul etməsi də sübut edir ki, Rodosun bu qurumla əvvəlcədən əlaqələri olub.

Beriyanın "NKVD" rəhbərliyinə gəlməsi ilə Rodosun vəzifə karyerasında yüksəliş başlanıb. O, əvvəlcə "NKVD"-nin istintaq şöbəsinin rəis köməkçisi, daha sonra isə rəis müavini vəzifəsinə təyinat alıb.

Rodos əsasən Mərkəzi Komitənin nəzarətində və "marağında" olan istintaq işlərinə cəlb edilib. Onun ittiham olunanlardan lazımi ifadələri almaq üçün öz metodları olub. Dindirmə proseslərində iştirak edən Rodos ən "susqun" simaları belə böyük peşəkarlıqla danışdıra bilib. Sözsüz ki, bu məsələdə xüsusi işgəncələrdən istifadə edilib. Bəli, məhz xüsusi işgəncələrdən. Çünki bu işgəncə metodlarını Rodos özü kəşf edib. O, işgəncə vermək üçün xüsusi alətlər hazırlatdırıb. Dırnaq çəkmək, ayaq və əl barmaqlarını əzmək, cinsi orqanlara elektrik enerjisi vermək və s. üçün Rodos məhz bu alətlərdən istifadə edib.

Polkovnik o qədər qəddar və amansız olub ki, hətta 5 dəqiqədən sonra güllələnəcək şəxsə olmazın işgəncələr verib.

Rodosun işgəncə metodları ilə bağlı dəfələrlə İosif Stalinə də məktublar göndərilib. Amma bu məktubların da heç bir nəticəsi olmayıb. Həmin şikayət məktublarının birini də "Suxanovka"da saxlanılan, Mərkəzi Komitənin komsomol orqanlarına nəzarət şöbəsinin rəhbəri olmuş Belosludtsev göndərib. Bu günə kimi də arxivlərdə saxlanılan həmin məktubda bu sətirləri oxumaq olar: 

"Boris Rodosun qəddarlığını sözlə ifadə etmək mümkün deyil. İstintaq zamanı mən yalnız sürünürdüm. O dərəcədə işgəncələr verilirdi ki, ayaq üstə dayana bilmirdim. O, xüsusi stul hazırlatmışdı. Oturacaq hissənin tən ortasına şaquli vəziyyətdə hamar olmayan armatur bərkidilmişdi. Rodos bir yumruqla məni həmin stulda əyləşdirirdi, armatur arxa dəlikdən mənə keçirdi. Huşumu itirirdim, bir vedrə buz kimi su ilə məni ayıldırdılar və bunu yenidən təkrar edirdilər. Tələb etdikləri, istədikləri ifadələri verdikdən sonra da bu cür işgəncələr davam edirdi..."

Polkovnik mövcud dövrün bir çox tanınmışlarının istintaqını aparıb, yuxarıların etimadını layiqincə "doğruldub". Siyasi Büronun üzvləri Kosior və Çubar, Ümumittifaq Komsomolunun birinci katibi Kosarev, siyasi xadimlərdən Postışev və Eyxe, onlarla siyasi məhbuslar Rodosun dözülməz işgəncələrinə məruz qalıblar.

Polkovnikin qismətinə öz keşmiş şefinin, 1936-1938-ci illərdə "NKVD"-yə rəhbərlik edən Nikolay Yejovun istintaqını aparmaq da düşüb. Rodos istintaq zamanı Yejova fərqli işgəncələr verib. Və elə bu fərqli münasibətə görə də istintaq bitdikdən sonra o, növbəti "Qırmızı Ulduz" ordeninə layiq görülüb.

Rodos öz qəddarlığı və cəlladlığı, Beriyaya sədaqəti ilə daha yüksək vəzifələr gözləyib. Amma Stalinin vəfatından sonra Kremldə baş verən hadisələr onun xeyrinə işləməyib. Beriya həbs olunduqdan sonra Rodos 1953-cü ilin oktyabr ayında  "Beriya işi" ilə bağlı həbs edilib. Onun istintaqı üç il davam edib və bu üç ilin hər günündə o, işcəncələrə məruz qalıb. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə Boris Rodos vətənə xəyanətdə, terrorda, qrup şəkildə antisovet təbliğatda ittiham olunaraq ən ağır cəzaya, güllələnməyə məhkum edilib.

Ölümündən sonra Rodosun ailə üzvləri onun bəraəti ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət ediblər. Ancaq bu müraciətlərin heç birinə müsbət cavab verilməyib. Sonda məsələ ilə bağlı ailə üzvləri Nikita Xruşova müraciət ünvanlayıblar. Xruşov isə bu məktubun cavabını birbaşa Mərkəzi Komitənin geniş tərkibli iclasında verib;

"Boris Rodos, bu əli qana batmış polkovnik öz toyuq düşüncəsi ilə neçə-neçə günahsız insanın həyatına son qoyub. Bu dəhşətdir, mənəvi cəhətdən yarımçıq olan bir insan bizim görkəmli partiya, mədəniyyət və ictimai xadimlərin taleyini həll edib. İndi isə ona bəraət verilməsi haqqında mənə müraciətlər ünvanlanır. Xeyr, bu mümkün deyil. Rodosa bəraət qazandrmaq özü bir cinayətdir..."

Milli.Az