Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmayıb - Baş Prokurorluq

12 Yanvar 2022 15:22

15:32

Tofiq Yaqublunun fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında aparılmış araşdırma yekunlaşıb.

Baş Prokurorluqdan verilən məlumata görə, kütləvi informasiya vasitələrindən daxil olmuş sorğuya Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, Tofiq Yaqublunun həbs edilən və aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azad olunması tələbi ilə 2021-ci il dekabrın 1-də Səbail rayonu "Fəvvarələr meydanı" adlanan ərazidə keçirilən yürüşdə iştirak edən zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Səbail rayon prokurorluğunda araşdırma aparılmışdır.

Araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyinin tələbinə görə cinayət hadisəsi olmaması əsası ilə toplanmış material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilmişdir.

-------

10:26

Milli Şuranın üzvü Tofiq Yaqublunun 1 dekabr mitinqində döyülməsi, bədəninə müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi iddiası üzrə prokurorluqda aparılan araşdırma başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb. Onun sözlərinə görə, araşdırma nəticəsində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, T.Yaqublu ötən il dekabrın 1-də Saleh Rüstəmlinin həbsinə etiraz olaraq Fəvvarələr Meydanında keçirilən mitinq zamanı saxlanılıb. Daha sonra onun üz nahiyəsində xəsarət izləri olan görüntüləri yayılıb. T.Yaqublu polislər və mülki geyimli şəxslər tərəfindən şəhər kənarına aparılaraq döyüldüyünü iddia etsə də, Daxili İşlər Nazirliyi onun döyülməsinin polislə heç bir bağlılığı olmadığını açıqlayıb.

Milli.Az